Accessibility links

Ekspertlər Rusiyanın Ukrayna ilə atəşkəsə hazır olmadığı barədə xəbərdarlıq edir


Ekspertlər Rusiyanın Ukrayna ilə atəşkəsə hazır olmadığı barədə xəbərdarlıq edir
please wait

No media source currently available

0:00 0:03:49 0:00

Ekspertlər bildirir ki, Rusiya İstanbulda sülh danışıqları fonunda Ukrayna şəhərlərini atəşə tutmağa davam edərək qarışıq siqnallar göndərir. Ukrayna rəsmiləri iki ölkənin nümayəndə heyətlərinin Kyievin neytrallıq vədi müqabilində mümkün atəşkəsin şərtlərini, həmçinin Ukrayna üçün beynəlxalq təhlükəsizlik qarantiyalarını müzakirə etdiklərini bildirirlər. Birləşmiş Ştatlar Ukrayna və Rusiya arasında İstanbulda keçirilən danışıqları alqışlayıb, lakin döyüşlər dayandırılmadan heç bir ciddi müzakirələrin baş tuta bilməcəyini bildirib.

ABŞ dövlət katibinin müavininin köməkçisi Viktoriya Nuland Current Time tele kanalına müsahibədə bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlarda diplomatik inkişafın əldə olunması üçün tam atəşkəsə nail olunmalıdır.

“Düşünürəm ki, diplomatik cəhətdən ən çətin tərəf odur ki, münaqişələrin diplomatik həlli adətən döyüş əməliyyatlarının ortasında deyil, razılaşdırılmış atəşkəsdən sonra qəbul edilməlidir. Ruslar isə danışıqların ciddiləşməsi üçün qətiyyən tam atəşkəsə nail olmaq istəmirlər. Bilirsiniz ki, Ukrayna tərəfi neytrallıq haqda danışmağa hazır olduğunu bildirib. Krımda uzunmüddətli icarə haqqında, bütün başqa şeylər haqqında danışmağa hazırdır. Amma Rusiyanın indiyə qədər mövqeyi belə olub ki, təslim olun, bəlkə sonra danışarıq. Hesab edirəm ki, təəssüf ki, ruslar Ukrayna ordusunun nə qədər güclü olduğunu hələ tam dərk etməyiblər. Onlar Rusiya tərəfində inanılmaz itkilər verirlər. Bizim hesablamalarımıza görə, 10 mindən çox rusiyalı ölüb. Lakin real atəşkəs əldə olunmayana qədər ciddi danışıqlar aparılacağını düşünmürəm. Amma baxıb görəcəyik.”

Rusiya hərbi qüvvələri Moskvanın Ukrayna paytaxtına hücumları azaltmaq vədinə baxmayaraq, Xarkiv, Kyiv və Ukraynanın digər şəhərlərini atəşə tutmağa davam edir.

Həm Rusiya, həm də Ukrayna nümayəndə heyətləri İstanbulda davam edən sülh danışıqlarında heç bir ciddi inkişaf olmasa da, kiçik irəliləyiş olduğunu qeyd ediblər.

Türkiyə xarici işlər naziri də danışıqlarda irəliləyişi alqışlayıb. Ekspertlərin bildirdiyinə görə, Türkiyə ölkə iqtisadiyyatı üçün risklər yüksək olduğuna görə Rusiyanın Ukraynaya altı həftədir davam edən müdaxiləsinə son qoyulmasını istəyir.

Amerika İnkişaf Mərkəzinin təhlilçisi Maksvell Hoffman: “İdxalın böyük hissəsi Rusiyanın enerji resurslarından asılıdır. Türkiyə bu hər iki ölkədən buğda və digər kənd təsərrüfatı məhsullarının idxalından asılıdır. Həm enerji, həm də əmtəə bazarlarında qiymətlərin sıçrayışından çox əziyyət çəkir. Bununla yanaşı, turizm Türkiyə iqtisadiyyatı üçün, onların valyuta ehtiyatları, bu ehtiyatları doldurmaq üçün həlledici əhəmiyyətə malikdir. Həm rusiyalı, həm də ukraynalı turistlər bunun böyük hissəsini təşkil edir və şəraiti nəzərə alsaq, çətin ki, onlar bu il gəlib o qədər pul xərcləsinlər”.

Digər bir ekspert isə Amerikanın Səsinə bildirib ki, Türkiyənin NATO üzvü olması bu danışıqların Ukrayna prezidenti Volodimir Zelenski üçün daha çox üstünlük verdiyi yerdə baş tutması deməkdir.

Qlobal Məsələlər üzrə Çikaqo Şurasının eksperti Elizabet Şakelford: “Bu, əlbəttə ki, Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan Belarusda baş tutan əvvəlki təkbətək danışıqlardan çox fərqlidir. Buna görə də hesab edirəm ki, bunun bir hissəsi də vəziyyətin bir az dəyişdiyinə işarə edir və bilirsiniz ki, Rusiya artıq açıq üstünlüyə malik deyil”.

Ukraynalı müzakirəçilər konkret təkliflər irəli sürdüklərini, Rusiyanın növbəti dəfə müdaxiləsi ilə üzləşməyəcəklərinə dair etibarlı beynəlxalq təhlükəsizlik qarantiyaları müqabilində NATO-ya və ya hər hansı digər hərbi ittifaqa qoşulmamağa söz verdiklərini bildiriblər.

Bu həftənin əvvəli ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın sülhə nail olmaq istəyinə şübhə ilə yanaşdığını bildirərək, ABŞ-ın Ukraynada baş verənləri izlədiyini deyib.

ABŞ dövlət katibi Antoni Blinken: “Mən bunun effektiv şəkildə irəlilədiyini göstərən heç nə görmədim, çünki Rusiya – ən azından biz real ciddiliyin əlamətlərini görməmişik. Lakin Ukrayna bu qənaətə gəlsə, bu, yaxşıdır və biz bunu dəstəkləyəcəyik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa danışıqları təşkil etməyi təklif edib, lakin Putin birbaşa danışıqlardan imtina edib.

XS
SM
MD
LG