Accessibility links

ABŞ Rusiya neftinə rüsum tətbiq etməyi nəzərdən keçirir


Maliyyə Nazirliyi qlobal iqtisadiyyatı yüksək enerji qiymətlərindən qorumaq yollarını axtarır

ABŞ-ın Maliyyə Nazirliyinin rəsmiləri çərşənbə axşamı bildiriblər ki, Böyük Yeddilər qrupunun (G-7) bu həftə keçirilən iclasında onlar Avropa ölkələrinə birbaşa neft embarqosuna sürətli alternativ olaraq Rusiya neftinə tariflər tətbiq etməyi təklif etməyi planlaşdırırlar.

Aİ rəsmiləri Rusiyanın Ukraynada müharibəsinə növbəti cavab olaraq Rusiya neftinin idxalına mərhələli embarqo tətbiq etməyi nəzərdən keçirir, lakin bəzi Şərqi Avropa ölkələrində tədarükün kəsilə biləcəyi ilə qorxular bu planın irəliləməsi qarşısında ciddi maneə yaradır.

ABŞ-ın təklif edəcəyi tarif mexanizmi Rusiya neftini bazarda saxlayacaq, lakin ixracdan Moskvaya daxil ola biləcək gəlirin miqdarını məhdudlaşdıracaq. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmiləri Brüsseldə jurnalistlərə bildiriblər. G-7-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün bu həftənin sonu baş tutacağı gözlənilir.

ABŞ rəsmiləri deyirlər ki, Rusiya nefti dünya qiymətləri ilə müqayisədə endirimlə satıldığı üçün tariflər həm fərqin bir hissəsini aradan qaldıracaq, həm də Rusiyanın mənfəətini azaldacaq səviyyədə müəyyən edilə bilər. Lakin onlar əlavə ediblər ki, bu, Rusiyanın istehsal xərclərini üstələyən mənfəət əldə etməsi üçün kifayət qədər aşağı olmalıdır ki, bu da ixracatın davam etdirilməsinə stimul verəcək.

Onların bildirdiyinə görə, Rusiya nefti bazarda qalarsa, bu, Avropa embarqosu nəticəsində neftin qiymətinin mümkün qalxmasının qarşısını alacaq və bu, embarqonun Rusiya gəlirlərinə təsirini kompensasiya edə bilər.

Bir çox hökumətlər Rusiya neftinin alınmasını mümkün qədər tez dayandırmaq niyyətindədir, lakin rəsmilər deyirlər ki, bu, neftin qiymətinin yüksək olması riski daşıyır. Buna görə də ABŞ Maliyyə Nazirliyi qlobal iqtisadiyyatı yüksək enerji qiymətləri nəticəsində gələcək zərərlərdən qorumaq üçün tariflər də daxil olmaqla qiymət mexanizmlərini nəzərdən keçirir.

Tariflərdən əldə edilən gəlirlər Ukraynanın bərpası və yenidən qurulması üçün fonda yönəldilə bilər və beləliklə, Moskvanı geniş yenidənqurma işlərinin heç olmasa bir hissəsini ödəməyə məcbur edə bilər.

Sözügedən təklif G-7 lideri Mario Draginin ötən həftə prezident Co Bayden ilə görüş zamanı qiymətləri cilovlamaq üçün neft alıcıları kartelinin yaradılması ideyasını irəli sürməsindən sonra irəli sürülüb.

XS
SM
MD
LG