Accessibility links

ABŞ İŞİD liderinin özünü öldürdüyünü bildirir


ABŞ kəşfiyyatçıları İslam Dövləti terror qrupunun liderinin Suriyanın şimal-qərbində bir binada olduğunu müəyyən edəndən aylar sonra Əmir Məhəmməd Səid Əbdal-Rəhman Əl-Məvla ABŞ qüvvələri ona yaxınlaşdığı bir vaxt partlayıcı işə salaraq, özü və ailəsini öldürüb.

Cümə axşamı ABŞ administrasiyası rəsmilərindən İŞİD liderinin ölümü ilə bağlı gələn məlumat ABŞ-ın Suriyanın Türkiyə ilə sərhədə yaxın İdlib vilayətindəki Atmeh şəhərində böyük antiterror əməliyyatı keçirdiyinə dair məlumatlardan bir neçə saat sonraya təsadüf edib.

ABŞ-ın terrora qarşı böyük mübarizə əməliyyatı ilə bağlı məlumatlar çərşənbə günü sosial mediada yayılmağa başlayıb və həmin məlumatlarda İdliblə Hələb vilayətləri arasındakı regionlardakı bir evin üzərinə helikopterlər və ABŞ qüvvələrinin endiyi bildirilib.

Bəzi məlumatlarda ABŞ qüvvələrinin intensiv döyüşlər başlamadan binadakı mülki vətəndaşları çıxarmaq üçün səsgücləndiricidən istifadə etdikləri bildirilib.

ABŞ-ın reydi və mülki vətəndaşlar arasında tələfat

Adlarının anonim qalması şərtilə əməliyyatın təfərrüatları barədə danışan ABŞ rəsmiləri deyib ki, ölüm və dağıntıların əksəriyyətinə Əbu İbrahim Əl-Həşimi Əl-Quraşi və Hacı Əbdallah kimi tanınan Əl-Məvla və onunla eyni binada yaşayan müavinlərindən biri tərəfindən törədilib və onlar canlı ələ keçirilməməkdə qərarlı olublar.

"Hacı Abdallah son dəfə insan həyatına qarşı etinasızlıq və qorxaqlığını göstərərək partlayıcı işə salıb və özü ilə birlikdə, həyat yoldaşı və uşaqları daxil olmaqla, bir neçə başqa nəfəri öldürüb,” müxbirlərlə danışan bir rəsmi bildirib. “Üçüncü mərtəbədə baş verən partlayış o qədər güclü olub ki, cəsdlər binadan kənara və ətraf ərazilərə səpələnib.”

ABŞ rəsmiləri deyib ki, İŞİD müavini daha sonra özünü həyat yoldaşı və ailəsi birlikdə ikinci mərtəbə barrikada edib və öldürülmədən öncə ABŞ qüvvələri ilə vuruşub.

ABŞ rəsmiləri əməliyyat zamanı neçə mülki vətəndaşın öldürüldüyünü təsdiqləməyiblər və İŞİD liderinin yaşayış binasını məhz orada mülki əhalinin, xüsusilə də uşaqlı ailələrin olması səbəbindən seçmiş olma ehtimalını vurğulayıb.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidə Mərkəzi kimi qruplar cümə axşamı bildirib ki, azı 13 nəfər, o cümlədən üç qadın və dörd uşaq öldürülüb.

ABŞ rəsmiləri deyib ki, Əl-Məvlanın səbəb olduğu ilkin partlayışdan öncə ana, ata və bir neçə uşaqdan ibarət bir ailə qaça bilib. Əl-Məvlanın müavinin ölümündən sonra da əlavə dörd uşaq qaça bilib.

Lakin rəsmilər deyib ki, İŞİD liderləri mülki vətəndaşları binadan çıxarmaq səylərinə qəsdən mane olub.

“Bütün tələfatlar İŞİD terrorçularının əməllərinə görə və sakinlər arasında olub,” rəsmi deyib. “İŞİD insan həyatına tamamilə etinasızlıq göstərdiyini dəfələrlə açıq şəkildə nümayiş etdirib və bu da ötən gecə keçirilən əməliyyat zamanı açıq-aşkar göstərildi.”

Baydenin şərhi

ABŞ Prezidenti Co Bayden cümə axşamı yaydığı bəyanatda Əbu İbrahim Əl-Həşimi Əl-Quraşi kimi tanınan Əmir Məhəmməd Səid Abdal-Rəhman Əl-Məvlanın ölümünü təsdiqləyib.

“Ötən gecə mənim göstərişimlə Suriyanın şimal-qərqində ABŞ hərbi qüvvələri Amerika xalqını və bütün müttəfiqlərimizi qorumaq və dünyanı daha təhlükəsiz yer etmək üçün terror əleyhinə mübarizə əməliyyatı keçirib,” Bayden deyib və buna görə “Silahlı Qüvvələrimizin məharət və cəsarətini” səbəb göstərib.

Daha sonra cümə axşamı Ağ Evdə çıxış edən Bayden deyib ki, Əl-Məvlanı döyüş meydançasından yığışdırmaq məqsədilə aparılan əməliyyat güclü mesaj göndərir.

“Bu əməliyyat Amerikanın gizlənməyə çalışdıqları yerdə asılı olmayaraq, terrorçuların təhdidlərini aradan qaldırmaq üçün əlçatanlığı və imkanlarının sübutudur. Biz sizin arxanızca gəlib, sizi tapacağıq,” o deyib.

ABŞ Prezidenti həmçinin ABŞ-ın kəşfiyyat icmasının işini və ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri ilə “mühüm əməkdaşlığı” tərifləyib və qeyd edib ki, Əl-Məvla İŞİD-in bu yaxınlarda minlərlə İŞİD döyüşçüsünü sərbəst buraxmaq məqsədilə Suriyanın şimal-şərqində Həsəki həbsxanasına bir həftə davam edən hücumun planlamasında birbaşa rol oynayıb.

ABŞ rəsmiləri deyib ki, həm Bayden həm də Vitse-Prezident Kamala Harris əməliyyatı Ağ Evdən izləyib və mülki vətəndaşlar arasında gizlənən terror liderini çıxarmağın təhlükələrini dərk edib.

“Hər hansı bir hücum əvəzinə reyd keçirmək açıq bir qərar idi,” ikinci yüksək vəzifəli administrasiya rəsmisi bildirib. “Biz binada kimin olduğunu yaxşı bilirdik.. və məşqlər və planlaşdırma zamanı həmin şəxsləri qorumaq üçün bir sıra tədbirlər görmüşdük.”

Rəsmilər deyib ki, əməliyyata hazırlıq aylar öncədən başlayıb. Prezidentə son məlumatlar dekabr ayında təqdim olunub və həmin məlumatlarda ərazinin maketi, həm mülki vətəndaşlar həm də təxminən iki saat davam edəcək əməliyyata cəlb oluancaq ABŞ qüvvələri üçün mümkün təhlükələr yer alıb.

Onlar həmçinin deyib ki, xüsusi qüvvələr hətta Əl-Məvlanın özünü partlayıcı qurğu ilə öldürməsinə da hazırlaşıblar və onun partlayış nəticəsində çökməyəcəyindən əmin olmaq üçün binanı tədqiq ediblər.

"Bizdə yüksək inam var idi ki, əgər o, bunu etdiyi kimi etsə idi, bina olduğu kimi sağlam qalacaq. Amma mən sadəcə vurğulamaq istəyirəm ki, mən onun bunu bildiyindən şübhələnirəm. Və yəqin ki, onun niyyəti o binadakı hər kəsi öldürmək idi”. "

Rəsmilər deyib ki, ilkin əməliyyatın uğurlu olmasına baxmayaraq, bir neçə çətinliklər də yaşanıb.

Qoşunları Əl-Məvlanın gizləndiyi binaya aparmaq üçün istifadə olunan helikopterlərdən birində mexaniki nasazlıq yaşanıb və bu səbəblə o, tərk edilib, daha sonra isə qoşunlar ərazini tərk etmədən öncə dağıdılıb.

ABŞ qüvvələri həmçinin qısa bir müddət ərzində Əl-Qaidə ilə əlaqəsi olan Həyat Təhrir Əl-Şamın döyüşçülərinin hücumuna məruz qalıb və bunun ardınca baş verən döyüşdə onlardan ikisini öldürüb.

XS
SM
MD
LG