ABŞ Dövlət Departamenti amerikalıları Belarusa səyahətlərdən yayınmağa çağırıb. Buna səbəb olaraq qanunların "özbaşına icrası", həbs riski və Belarusun Ukrayna ilə sərhədində Rusiya qüvvələrinin "gözlənilməz və narahatedici" yerləşdirilməsi göstərilib.
Dövlət Departamenti tərəfindən bu tövsiyə Moskvanın sərhəd bölgələrində, o cümlədən Rusiya və Ukrayna ilə həmsərhəd olan Belarusda 100 000-dən çox hərbi qüvvə cəmləşdirməsindən sonra Rusiyanın qonşu Ukraynaya təcavüzə hazır ola biləcəyi ilə bağlı qlobal narahatlığın artdığı bir vaxt verilib.
"Ukrayna ilə sərhəd yaxınlığında qeyri-adi və Rusiyaya aid hərbi fəaliyyətin artması ilə əlaqədar olaraq, Belarusda olan və ya bu ölkəyə səfər etməyi planlaşdıran ABŞ vətəndaşları vəziyyətin gözlənilməz olduğunu və bölgədə gərginliyin artdığını bilməlidirlər" - deyə, Dövlət Departamentinin açıqlamasında bildirilir.
Dövlət Departamenti həmçinin əlavə edib ki, Belarus hökumətinin Minskdəki səfirliyin işçi heyətinə məhdudiyyətlər qoyması səbəbindən ABŞ hökumətinin Belarusdakı ABŞ vətəndaşlarına rutin və ya təcili yardım xidmətləri göstərmək imkanları artıq ciddi şəkildə məhdudlaşdırılıb.
“Xüsusən əcnəbilərə qarşı potensial təqiblər də mümkündür. Vəziyyətin qeyri-sabitliyini artmasını nəzərə alaraq, ABŞ vətəndaşlarına Belarusa səyahət etməmək tövsiyə olunur” - deyə açıqlamada bildirilir.
Rusiya isə öz növbəsində Ukraynaya yeni müdaxilə planlaşdırdığına dair heç bir sübutun olmadığını bildirir. Moskva həmçinin ABŞ və NATO-dan Ukraynanın heç vaxt alyansa qoşulmayacağına və Rusiya sərhədləri yaxınlığında silah sistemlərinin yerləşdirilməsini dayandıracağına dair hüquqi qarantiyalar tələb edib.
NATO və rəsmi Vaşinqton bu tələbləri qəbuledilməz adlandıraraq, onları artıq rədd edib.