Birləşmiş Ştatların cənub ştatları-Texas, Arkanzas, Missuri və Missisipidə baş verən tornado və güclü qasırğalar azı 15 nəfərin həyatına son qoyub.
Bazar günü Dallasın şərqini vuran bir neçə tornado zamanı azı 4 nəfər ölüb, 50 nəfər yaralanıb. Rəsmilərin dediyinə görə, bölgəyə güclü ziyan dəyib.
Qonşu Arkanzas ştatının rəsmiləri ağacın düşərək öldürdüyü 65 yaşlı qadın da daxil ediıməklə, 5 nəfərin öldüyünü bildirib.
Selin yerlə yeksan etdiyi Sprinqdeyl məhəlləsində bir uşağın öldüyü, polisin isə çox güman ki, daşqının apardığı avtomobildə olan iki uşağı axtardığı bildirilir.
Missuri ştatının Yol Patrol İdarəsi həyat yoldaşının onu xilas etməyə çalışmasına baxmayaraq, selin avtomobildə olan 72 yaşlı qadını apardığını xəbər verib.
Missisipinin Doran şəhərində bir nəfər küləyin yıxdığı ağacların altında qalaraq ölüb.
Missisipi Fövqəladə Hallar Nazirliyi 23 min nəfərin elektriksiz qaldığını bildirib.