Accessibility links

ABŞ Türkiyəyə S-400 sistemlərini Ukraynaya təhvil verməyi təklif edir


Vaşinqton Ankara ilə Rusiya istehsalı olan S-400 raketdən müdafiə sistemlərinin Ukraynaya göndərilməsinin mümkünlüyü məsələsini qeyri-rəsmi olaraq müzakirə edib.

Bayden administrasiyası Rusiya istehsalı olan silahlar, o cümlədən S-300 və S-400 sistemlərindən istifadə edən müttəfiqlərdən onları Ukraynaya təhvil verməyi nəzərdən keçirmələrini istəyib. Bu səylər prezident Co Bayden administrasiyasının Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın havadan müdafiəsinə kömək etmək çağırışına cavab vermək üçün genişmiqyaslı səylərinin bir hissəsidir.

Mənbələrin Reuters agentliyinə verdiyi məlumata görə, ABŞ rəsmiləri keçən ay türkiyəli həmkarları ilə Ukraynaya S-400 sistemlərinin göndərilməsi məsələsini müzakirə ediblər, lakin bununla bağlı heç bir rəsmi müraciət edilməyib.

Dövlət katibinin müavini Vendi Şermanın martın əvvəlində Türkiyəyə səfəri zamanı da bu məsələ qısa şəkildə müzakirə olunub.

Reuters agentliyinin məsələ ilə tanış olan mənbəsinə əsasən, Vaşinqtonun təşəbbüsü Ankaranın Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar narahatlıqları ilə bağlıdır.

S-400 sistemləri ilə bağlı məsələ Şerman və Türkiyə rəsmiləri arasında ABŞ və müttəfiqlərinin Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunmasına necə kömək edə biləcəyinə dair geniş müzakirələrinin bir hissəsinə çevrilib.

Türkiyə rəsmiləri ABŞ-ın NATO-nun iki müttəfiqi arasında uzun müddətdir mübahisə mövzusu olan S-400 sistemlərinin təhvil verilməsi ilə bağlı təkliflərini şərh etməyib.

Buna baxmayaraq, təhlilçilərin fikrincə, Ukraynada S-400 sistemlərinin quraşdırılması və istismarı ilə bağlı texniki maneələrdən tutmuş, Ankaranın belə bir halda Moskva tərəfindən qarşılaşa biləcəyi cavab tədbirləri kimi siyasi problemlərə qədər bir sıra səbəblərə görə Türkiyənin bu fikri rədd etməsi ehtimalı mövcuddur.

Vaşinqton 2019-cu ilin iyul ayında ilk partiyanın çatdırıldığı vaxtdan dəfələrlə Ankaradan Rusiyanın “yer-hava” tipli raketlərdən qurtulmasını istəyib. Birləşmiş Ştatlar hətta Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyalar tətbiq edib və Türkiyəni F-35 qırıcı təyyarələrinin istismarı proqramından çıxarıb.

Ankara isə öz növbəsində müttəfiqlərin onu qaneedici şərtlərlə analoji silahlarla təmin etmədiyi üçün S-400 sistemlərinə üstünlük vermək məcburiyyətində qaldığını bildirib.

Təhlilçilərin fikrincə, ABŞ rəsmiləri hazırda Ankaranı Vaşinqtonun orbitinə qaytarmaq üçün fürsətdən istifadə etməyə çalışır.

“Fikrimcə, hamı S-400 komplekslərinin uzun müddətdir problem olduğunu bilir və bəlkə də indi bu problemi həll etmək üçün yeni bir yol tapa biləcəyimiz məqamdır”, Vendi Şerman martın 5-da Türkiyənin Habertürk tele kanalına verdiyi müsahibədə bildirib.

Təhlilçilərin bildirdiyinə görə, Ankara balans saxlamağa və Moskvanı narazı etməməyə çalışır, lakin bununla belə Kiyevə hərbi pilotsuz təyyarələr satıb və daha çox təyyarənin birgə istehsalı üçün müqavilə imzalayıb, bu isə Kremlin qəzəbinə səbəb olub.

Türkiyə həmçinin Rusiyanın Suriya və Liviyada siyasətinə qarşıdır və Krımın ilhaqına qarşı çıxır.

Türkiyə ilə yanaşı NATO-nun bəzi digər müttəfiqləri də S-300 və S-400 kimi Rusiya və ya Sovet istehsalı olan hava hücumundan müdafiə sistemlərinə malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG