Accessibility links

Kerri mühacirət problemini müzakirə etmək üçün mərkəzi Amerika liderləri ilə görüşüb


ABŞ Dövlət katibi Con Kerri Mərkəzi Amerika ölkələrinin liderlərini minlərlə valideyinsiz uşağın ABŞ sərhədini qanunsuz keçməsi ilə bağlı yaranmış böhranı həll etməyə çağırıb.

Kerri Panama şəhərində Salvador prezidenti Sançez Seren, Quatemala prezidenti Otto Perez Molina və Hondurasın xarici işlər naziri Mireya Aquero ilə görüşüb.

O deyib ki, saxta məlumatların yayılması yoxsulluq və zorakılıqların baş verdiyi regionlardan qaçmağa can atan insanların aldanmasına gətirib çıxarıb.

Çox sayda uşağın ABŞ-a axını mühacirət rəsmilərinin işini çətinləşdirib. Lakin ABŞ qanununa görə mühacirlər dərhal geri göndərilə bilməz. Onların bəzisi artıq ABŞ-da yaşayan valideyinləri ilə qovuşa bilər.

Prezident Barak Obama Konqresdən bu uşaqların deportasiyasına dair yeni sənədi dəstəkləməyə çağırıb.

Respublikaçılar cənab Obamadan qeyri-qanuni mühacirətin qarşısını almaq üçün Milli Qvardiyanın Meksika sərhədinə yerləşdirilməsi də daxil olmaqla daha artıq iş görməsini tələb edir.

ABŞ prezidenti respublikaçıları əhatəli mühacirət islahatlarına dair qanunvericiliyi dəstəkləməməkdə günahlandırır.

XS
SM
MD
LG