Azərbaycanın Xaçmaz rayonunun Qusarçay kənd (Bakıdan 157 kilometr şimal) sakinləri Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Azərbaycan hökumətinin birgə maliyyəsi ilə həyata keçirilən layihə sayəsində yeniləşmiş elektrik enerjisi təminatından yararlanır.
ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yayılan məlumatda deyilir ki, layihə sayəsində köhnəlmiş infrastrukturdan əziyyət çəkmiş 157 ailə daha etibarlı elektrik enerjisi ilə təmin olunacaq. Bu, USAID-in dəstəyilə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində təkcə Quba-Xaçmaz regionunda başa çatmış 20-ci icma layihəsidir.