Accessibility links

Dekabrın 4-də Özbəkistanda növbəti prezident seçkiləri keçirilir. Səsvermənin başa çatmasına saatlar qalsa da, seçkilər baş tutmuş sayılır.

Bunu ölkənin Mərkəzi Seçki Komissiyası bildirir. Komissiya sədri Mirzə Uluqbek Abdulsalomovun sözlərinə görə, seçicilərin 33 faizi artıq səs verib. Yerli qanunvericiliyə görə, seçicilərin 33 faizi səsvermədə iştirak edərsə, seçki baş tutmuş sayılır.

Səsvermə yerli vaxtla axşam saat 8-də başa çatacaq.

Ölkənin birinci prezidenti, 27 il hakimiyyətdə olmuş İslam Kərimov vəfat edəndən sonra Özbəkistanda növbədənkənar prezident seçkisi elan olunub.

Prezidentliyə əsas iddiaçı baş nazir Şövkət Mirziyoyevdir. Ondan başqa daha bir neçə nəfər də prezidentliyə namizəd kimi seçkidə iştirak edir.

Şövkət Mirziyoyev hazırkı daxili və xarici siyasəti qoruyacağını vəd edib.

APA xəbər verir ki, Azərbaycan deputatları Eldar İbrahimov, Siyavuş Novruzov, Elman Nəsirov və Ağalar Vəliyev Özbəkistanda keçiriləcək prezident seçkilərini izləmək üçün Daşkəntə gediblər. Parlamentin nümayəndə heyəti beynəlxalq müşahidəçilər qismində seçki prosesinə qatılıblar. Onlar ölkədə seçkiqabağı hazırlıq işləri, məntəqələrdəki vəziyyət ilə yaxından tanış olacaq, vətəndaşların fəallığını müşahidə edəcəklər.

Özbəkistan insan haqlarının pozulması, siyasi azadlıqların boğulması, söz və ifadə azadlığını məhdudlaşdırmasına görə dəfələrlə beynəlxalq hüquq müdafiəçilərinin tənqid hədəfi olub.

XS
SM
MD
LG