Accessibility links

Vəkil: İctimai fəalın həbs müddəti bitsə də azadlığa buraxılmır


Rafael Hüseynzadə
Rafael Hüseynzadə

İctimai fəal Rafael Hüseynzadənin həbs müddətindən 4 gün keçməsinə baxmayaraq azadlığa buraxılmayıb.

Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində məlumat yayıb.

“Rafael Hüseynzadə Abşeron rayon Məhkəməsinin 2 sentyabr qərarı ilə inzibati qaydada 15 sutka həbs edilib. Lakin Hüseynzadənin həbs müddəti sentyabrın 17-də başa çatsa da, o, hələ də qanunsuz olaraq həbs yerində saxlanılır,” vəkil Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, sentyabrın 20-də Sumqayıt Apellyasiya Məhkəməsi hakim Elman Əhmədovun sədrliyi ilə Rafael Hüseynzadənin apellyasiya şikayətinə baxıb və Abşeron rayon Məhkəməsinin 15 sutkalıq inzibati həbs qərarını qüvvədə saxlayıb. Məhkəmə iclasına sədrlik edən hakim Hüseynzadənin həbs müddətinin başa çatdığını və onun artıq həbsdən buraxıldığını bildirib.

Vəkil Abşeron rayon Məhkəməsinin elektron-məhkəmə saytında yerləşdirilmiş qərarının fotosurətini də dərc edib.

Rafael Hüseynzadənin atası Füzuli Hüseynov sentyabrın 21-də Amerikanın Səsinə bildirib ki, oğlu hələ də həbs yerindədir və o azadlığa buarxılmayıb.

Maraqlıdır ki, Abşeron Rayon Məhkəməsindən sentyabrın 3-də Rafael Hüseynzadənin ailəsinə onun 30 sutka inzibati həbsə məhkum edildiyini bildiriblər.

Hüseynzadənin atası Füzuli Hüseynov sentyabrın 3-də Amerikanın Səsinə bildirib ki, oğlunu polis idarəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.

Rəsmi qurumlar hələ vəkilin bəyanatına münasibət bildirməyib.


Rafael Hüseynzadə avqustun sonlarında polisin süründürməçiliyinə və işə qəbul edilməməsinə etiraz olaraq Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirib. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.

"Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O polisə şikayət edib, ekspetizadan keçib. Sentyabrın 2-də sahə müvəkkili Rəfael Hüseynovu zərərçəkən qismində Abşeron rayon Polis İdarəsinə dəvət edib. Beləliklə o polisdə saxlanılıb və məhkəmə barəsində inzibati həbs qərarı verib," ata deyib.

Rafael Hüseynzadə bundan öncə bu il yanvarın 25-də və martın 2-də siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərkən saxlanılıb, inzibati həbsə məhkum edilib.

Azərbaycanda "tək adam" aksiyası termini Rafaelin atası Füzuli Hüseynovla bağlıdır. Belə ki, Füzuli Hüseynov siyasi məhbuslara azadlıq tələbi ilə plakatlar qaldıraraq aksiyalar keçirdiyinə görə azı iki dəfə inzibati həbsdə olub, bir neçə dəfə cərimə olunub və ona xəbərdarlıq edilib. Yanvarın 25-də isə Füzuli Hüseynovun oğlu Rafael Hüseynzadə “Siyasi məhbuslara azadlıq”, “Rədd olsun İlham Əliyev” şüarları yazılmış plakat qaldırarkən polis tərəfindən saxlanılıb.

XS
SM
MD
LG