May ayının 13-də ABŞ paytaxtı Vaşinqtonda yerləşən Cons Hopkins Universitetində Azərbaycanın 28 may Respublika gününə dair mədəniyyət tədbiri keçirilib. Universitetin Orta Asiya və Qafqaz İnstitutunun iştirakı ilə təşkil edilən “Azərbaycan günü” tədbirində çoxsaylı azərbaycanlı və amerikalı, o cümlədən universitetin bir çox tələbəsi iştirak edib.
Mərasimin təşkilatçısı Cons Hopkins Universitetinin tələbəsi Leyla Məmmədli tədbiri giriş sözü ilə açaraq “Azərbaycan günü”nün təşkil edilməsinin başlıca məqsədinin Azərbaycan mədəniyyətini Amerika audiotoriyasına daha yaxından tanıtmaq olduğunu bildirdi. O, daha sonra sözü Vaşinqtonda qərargahlanan Qarabağ fondunun icraçı direktoru Dayana Kohenə verdi.
Qarabağ fondunun fəaliyyətləri barədə qısa hesabat verən xanım Kohen Azərbaycan mədəniyyətinin zənginliklərindən də söz açdı.
Mərasim zamanı Azərbaycan barədə yeni vebsayt da iştirakçılara təqdim edildi.
Bununla da tədbirin rəsmi hissəsi sona çatdı və qonaqlar Azərbaycan təamlarını daddılar.Tədbirin bədii hissəsinin qonağı amerikalı muğam ustası Cefri Verbak xüsusilə Amerika auditoriyasına Azərbaycan musiqisinin incəliklərini izah etdi. O, tar və kamançada bir neçə ifa etdi.
Amerikanın səsinə açıqlama verən Cefri Verbak amerikalıların daha dərindən anlaması üçün muğam musiqisini Amerika auditoriyasına xüsusi bir proqramla təqdim etdiyini bildirdi: “İlk dəfə qulaq asanlar – mənim kimi amerikalılar əlbəttə muğam nə olduğunu və insanın ruhuna necə təsir etdiyini başa düşmürlər. Ona görə də mən ilk dəfə qulaq asanlar üçün xüsusi proqram yaratdım. Necə qulaq asmaq lazımdır? Yəni ki, bu, muğamın fundamental xırdalıqlarını dinləyicilərə izah edir. Bu yolla onlar muğamı çox dərindən dərk edə bilirlər”.
“Silk Road” – İpək yolu rəqs ansamblı isə Azərbaycan rəqsləri ifa edərək iştirakçıları milli rəqslərlə tanış etdi.
Tədbirə qatılan tələbə İkram Cəlil Azərbaycan mədəniyyətinin tanıdılmasında belə tədbirlərin rolunu mühüm sayır. Onun fikrincə, belə mərasimlər Amerika universitetlərində vaxtaşırı keçirilməlidir: “Azərbaycan kiçik bir dövlət olsa da, mədəniyyəti çox zəngindir. Belə tədbirlərin xüsusilə universitetlərdə və gənc tələbələr arasında keçirilməsi, Azərbaycan mədəniyyətinin göstərilməsi və insanlara çatdırılması çox vacibdir. Ancaq bu azdır. Belə tədbirlər çox olmalıdır ki, biz Azərbaycan gəncliyi olaraq ölkəmizin mədəniyyətini daha yaxşı tanıda bilək”.
Tədbir mərasim iştirakçılarının xatirə şəklinin çəkilməsi ilə başa çatdı.