Accessibility links

Vaşinqtonda Xəzər regionunda enerji təhlükəsizliyinə dair forum keçirildi


Vaşinqtonda Xəzər regionunda enerji təhlükəsizliyinə dair forum keçirildi
Vaşinqtonda Xəzər regionunda enerji təhlükəsizliyinə dair forum keçirildi

Riçard Morninqstarın fikrincə investorları başlıca iki sual düşündürür: qazın qaynaqlandığı mənbə və onun qiyməti. Əgər bu barədə dolaşan suallar müsbət cavablandırılarsa,onda qaz nəqli üzrə layihələrə maraq artacaq.

Oktyabrın 13-də Cons Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunda “Qlobal Enerji Şəbəkəsində Xəzərin Dəyişən Rolu” başlıqlı forum keçirildi. Foruma dəvət olunmuş natiqlər ABŞ-ın Avrasiyada Enerji Məsələləri Üzrə Xüsusi Elçisi Riçard Morninqstar və Harvard Universitetinin Xəzər araşdırmaları proqramının sabiq direktoru və hazırda Hayfa Universitetində çalışan Dr. Brenda Şeyfer idi.

İlk öncə çıxış edən Riçard Morninqstar qlobal maliyyə böhranının enerji mübadiləsinə göstərdiyi təsirlərdən söz açdı. Onun sözlərinə görə enerji resurslarına qlobal təlabat azalıb. Bununla yanaşı ABŞ təbii qaz istismarının yeni növlərini kəşf edib ki, bu, Amerikanı yaxın gələcəkdə Avropaya qaz ixrac edəcək ölkəyə çevirə bilər. ABŞ rəsmisinin sözlərinə görə sadalanan faktorlar Xəzər qazının beynəlxalq bazara çıxarılması perspektivlərini müərəkkəbləşdirir. Bununla belə cənab Morninqstar Xəzər qazının hasilatı ilə bağlı nikbin olduğunu söylədi:

“İnanıram ki, təlabat artacaq və iri layihələr üçün hələ də yer var. Əminəm ki, cənub dəhlizi baş tutacaq. Azərbaycanla Türkiyə arasında iyunun 7-də əldə olunmuş razılıq bunun üçün qapı açır. Hələ də görüləsi çox iş var, lakin cənub dəhlizi mütləq olacaq. Və biz ümumilikdə cənub dəhlizini dəstəkləyirik.”

Amerikalı elçi hesab edir ki, haqqında danışılan layihələr, ələlxüsus Nabucco layihəsi – maliyyə baxımdan müqaviləyə tərəf olan ölkələrə sərf etməlidir.

“Nabucco neçəyə başa gələcək? Azərbaycandan əlavə qaz mənbəyi kimi başqa mümkün tərəf Türkmənistandır. Lakin mən bunun qısa dönəmdə baş verəcəyini güman etmirəm. Öz siyasi səbəblərinə görə Türkmənistan Xəzər vasitəsilə qaz nəql etməkdə ləng olacaq.”

Cənab Morninqstarın fikrincə investorları başlıca iki sual düşündürür: qazın qaynaqlandığı mənbə və onun qiyməti. Əgər bu barədə dolaşan suallar müsbət cavablandırılarsa,onda qaz nəqli üzrə layihələrə maraq artacaq. Cənab Morninqstar onu da istisna etməyib ki, Azərbaycanın qaz yataqları özü-özlüyündə layihənin həyata keçirilməsi üçün bəs edə bilər.

Hayfa Universitetinin professoru Brenda Şeyfer bir sıra qlobal tendensiyaların Xəzərin enerji təhlükəsizliyinə təsirlərindən danışdı. O, qeyd etdi ki, hazırda enerji istimarı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. Bunların sırasında xanım Şeyfer yeni qaz yataqlarının aşkar edilməsi və qlobal iqlim dəyişikliyinin dövlət siyasətində doğurduğu fəsadları önə çəkdi. Onun sözlərinə görə neftdən fərqli olaraq qaz spesifik bazar tələb edir. Bundan əlavə şirkətlər karbon istehsalına qoyulacaq vergilərdən nigarandırlar. İstixana qazlarının istehsal xərclərinə təsiri yaxın gələcəkdə hasilat şirkətlərinin verəcəyi qərarlarda mühüm rol oynayacaq.

Tədbirin sual-cavab hissəsində Dağlıq Qarabağ münaqişəsinin enerji təhlükəsizliyinə təsirləri müzakirə olundu. Xanım Şeyfer ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə kifayət qədər diqqət yetirmədiyini və Cənubi Qafqazda dağınıq siyasət yürütdüyünü qeyd etdi. Riçard Morninqstar söylənilən fikirlə razılaşmadığını bildirdi.

“Zənnimcə bu, sizin təsvir etdiyinizdən daha mürəkkəbdir. Əvvəla, bizim Dağlıq Qarabağa fikir vermədiyimizi deməklə siz yüz faiz yanılırsınız. Biz buna böyük əhəmiyyət veririk. Sizin sözünüzdən belə çıxır ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Amerikanın günahıdır. Sanki bizim sehirli qüvvəmiz var ki, bu son dərəcə çətin problemdə Azərbaycan və Ermənistanı bir araya gətirə bilək. Xatırlayıram ki, 1990-cı illərdə o zamankı dövlət katibi Madelin Olbrayt prezident Heydər Əliyevlə Robert Koçaryanı bir otaqda 12 saat saxlayaraq onların fikir ayrılıqlarını çözməsinə çalışırdı. Bu məsələ indiki administrasiyada bir çoxlarını məşğul saxlayır. Lakin problemin asan həlli yoxdur. Ümid edirəm ki bu münaqişə yaxın gələcəkdə həll oluna biləcək.”

Amerikanın Səsinə danışan Brenda Şeyfer Xəzərdə təhlükəsizliyin hazırkı durumu ilə bağlı fikirlərini bölüşdü:

“Sovet İttifaqının dağlımasından və Xəzəryanı dövlətlərin müstəqillik əldə etməsindən 20 il ötür. Lakin bu müddət ərzində Xəzərin delimitasiyası müəyyən edilməyib. Əslində delimitasiya hüquqi məsələ deyil. Əgər Haaqa məhkəməsi qərar çıxarsa, bu, o demək deyil ki, dövlətlər buna əməl edəcəklər. O biri tərəfdən məhkəmə qərarı olmadan da dövlətlər ümumi məxrəcə gələ bilirlər. Təhlükəsizlik münasibətləri siyasi münasibətləri əks etdirir. Əgər dövlətlər qarşıdurmada marqlıdırlarsa onda hüquqi məsələ gündəmə gəlir. Məsələn, bir neçə il bundan öncə İranın hərbi gəmisi BP-nin araşdırma gəmisinə hücum etdi. Dövlətlər əməkdaşlıq etmək istəyəndə isə hüquqi məsələlər bir elə əhəmiyyət kəsb etmir. Şimal Dənizi ilə bağlı da fikir ayrılıqları mövcuddur, lakin bu dənizdə resurslar artıq istismar olunub. Sözümün canı odur ki, Xəzər dənizinin delimitasiyası müəyyən edilmədən də enerji axınını təmin etmək mümkündür.”

XS
SM
MD
LG