Accessibility links

FED-in uçot dərəcəsini qaldırmasının manata təsirləri (ekspert rəyləri)


Iqtisad elmləri doktoru Qubad İbadoğlu və iqtisadçı Natiq Cəfərli FED-in (Federal Ehtiyatlar Sistemi) uçot dərəcəsini artırması ilə bağlı gözlənilən risklər barədə araşdırma dərc edib.

Ekspertlər uçot dərəcəsinin artırlmasının Azərbaycan manatına birbaşa təsir etməsə, dolayısı ilə təsirlərinin olacağını fikirləşir.

Ekspertlərin Facebook səhifəsində dərc etdiyi məqalələri diqqətinizə çatdırırıq:

Qubad İbadoğlu: Azərbaycan manatı dolayı təsirlərdən sığortalana bilməyəcək.

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

Dekabrın 13-də iki günlük müzakirədən sonra FED-in direktorlar şurasının sədri Janet Yellen mətbuat üçün açıqlamasında ABŞ iqtisadiyyatının hazırkı durumunu dəyərləndirib, gələcək gözləntilərini açıqlayacaq. Bazar müşahidəçilərinin proqnozlarına görə, FED uçot dərəcəsini dördə bir səviyyəyədək qaldıracaq. Hazırda investorları maraqlandıran əsas məsələlərdən biri də FED-in və digər Mərkəzi Bankların ABŞ vergi sistemində mümkün dəyişikliklərə reaksiyasıdır. Avropa və İngiltərə Mərkəzi Bankları da bununla bağlı həftə ərzində açıqlama verəcək.

Məlumat üçün qeyd edim ki, bir qrup respublikaçı tərəfindən hazırlanan və prezident Tramp administrasiyasının müdafiə etdiyi vergi islahatları planının yaxın günlərdə qəbul edilib, qüvvəyə minməsi gözlənilir. Vergi islahatı planına görə, 7 şkalalı (10%, 15%, 25%, 28%, 33%, 35% və ya 39.6%) fərdi gəlir vergisinin 3 şkalaya (12%, 25% və 37%) endirilməsi və onun sonuncu şkalasının 39,6 faizdən 37 faizədək aşağı salınması gözlənilir. Bununla yanaşı, həmin plana görə, şirkətlər üçün korporativ vergi dərəcəsi 35-dən 21 faizə qədər endiriləcək. Hesablamalara görə, bu dəyişiklik büdcəyə əlavə 100 milyard dollar qazandıracaq. Bu dəyişiklikərdə ictimaiyyəti narahat edən əsas məqamlardan bundan zənginlərin bəhrələnmə ehtimalının olmasıdır.
Hazırda ABŞ iqtisadiyyatında inflyasiya yaradıcı amillər fəaldır, illik inflyasiya 2 faiz ətrafında olsa da, noyabr ayında aylıq göstəricinin 0,4 faiz təşkil etməsi qiymətlərin artımının sürətləndirdiyini deməyə əsas verir. Bununla yanaşı, ABŞ-da işsizlik səviyyəsi son 17 ildə ən aşağı səviyyədə qeydə alınıb, istehlakçıların gözləntiləri də artıb. Eyni zamanda, dollar indeksi əvvəlki aylarla müqayisədə cüzi də olsa qalxıb. Hazırda 94.041 təşkil edir.
ABŞ-ın neft siyasətinə gəlincə, ehtiyatlar gözlənildiyindən aşağı düşsə də, növbəti il üçün hasilatın artımı proqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin cüzi bahalaşmasının son səbəbi isə Britaniyanın 40-cı kəmərinin təmirə bağlanması ilə əlaqədardır.

FED-in bu gün gözlənilən bəyanatının təsirləri artıq Asiya maliyyə və valyuta bazarlarında hiss olunmaqdadır. Reaksiyalar müxtəlifir. Belə ki, ABŞ dolları yapon iyenasına nisbətdə dəyər qazansa da Avstraliya dollarına nisbətdə ucuzlaşıb.

Bu qərarın Azərbaycan manatınının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər. Çünki Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir. Dolayı və psixoloji təsirlərə gəlincə, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır. Nəzərə alsaq ki, FED-in bu günə gözlənilən qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.

Natiq Cəfərli: FED 3-4 dəfə faiz artırsa, neft yenidən 50-55 dollara düşsə manatın vəziyyəti gərgin olacaq.

Natiq Cəfərli
Natiq Cəfərli

Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25% artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin - bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik.

Qərarın Azərbaycana birbaşa təsiri yoxdur, çünki ölkədə zatən iqtisadi institutlar yoxdur, qərarlar günlük verilir, iqtisadiyyat əmrlə idarə olunur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir və edəcək.

Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac (fason) keçirilib: 5 dekabr - 34 milyon 200 min, 7 dekabr - 55 milyon 050 min, 12 dekabr - 75 milyon 950 min dollar satılb. Yəni ölkədə dollara təlabat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var - 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara təlabat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir.

Manata, hələ ki, ciddi təhkükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq.

Bu il bizdə neft hasilatı 6% azalıb, amma qiyməti 35%-ə yaxın artıb, buna görə də hökumət rahat davranır. Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.
2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq...

XS
SM
MD
LG