Accessibility links

Azərbaycanda valyuta bazarının həcmi kəskin azalıb


Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,5%, 2014-cü ilin ilk yarısına nisbətən isə 47,1% azalıb.

Bu barədə Report agentliyi Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik pul siyasəti icmalına əsaslanaraq bildirir.

İcmala əsasən, 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə xaricdən 423 mln. ABŞ dolları məbləğində pul köçürmələri olub. Bu rəqəm 2015-ci ilin ilk yarısında 546 mln. dollar, 2014-cü ilin ilk 6 ayında isə 799 mln. dollar təşkil edib.

Pul baratlarının azalması Azərbaycanla başlıca tərəfdaş ölkələrdə iqtisadi aktivliyin zəif olması ilə izah edilir.

Bu ilin ilk yarısında Azərbaycanda valyuta bazarının həcmi də ötən ilin eyni dövrü ilə müqayisədə kəskin azalıb.

İcmala əsasən, hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatları 2,9 dəfə, avro ilə əməliyyatlar isə 2,8 dəfə azalıb. Valyuta bazarında əməliyyatların 79%-i ABŞ dolları, 21%-i digər valyutalarda aparılıb.

Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. Cari ilin yanvar-iyun aylarında kommersiya bankları tərəfindən satılan xalis (yəni, alışla satışın fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. dollar, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 mln. avro təşkil edib.

"Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib. 2016-cı ilin ötən dövründə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq edib", sənəddə qeyd olunub.

"İlk yarımillikdə AMB valyuta bazarında iştirakını minimuma endirib. Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə 63 valyuta satışı hərracı keçirilib. Tələb 28 hərracda təklifi üstələdiyi halda, 35 hərracda tam qarşılanıb. AMB-də valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olub. Yeni məzənnə rejiminin tətbiqi AMB-nin ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir", AMB-dən bildiriblər.

XS
SM
MD
LG