Accessibility links

Vəkil: Gözəl Bayramlı rəsmi açıqlamanı təkzib edir


Gözəl Bayramlı
Gözəl Bayramlı

“Məsələ heç də təcridxana rəisinin təqdim etdiyi kimi deyil, Gözəl Bayramlının səhhətində problemlər qalmaqda davam edir”.

Bu gün, avqustun 22-də Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı ilə görüşən vəkili Əsabəli Mustafayev belə deyib. Vəkil bildirib ki, G.Bayramlının səhhətindəki problemlər qalır.

“Gözəl Bayramlı səhhətinin normal olması barədə rəsmi açıqlamanı təkzib edir. G.Bayramlının səhhətiylə bağlı problemin ciddi olduğunu gizlətməyə çalışırlar”, - deyən vəkil siyasətçinin dərmanlarının özünə qaytarıldığını bildirib.

“Dərmanlarını veriblər, amma reseptləri vermirlər. Buna görə də dərmanları düzgün qəbul edə bilmir”, – vəkil deyib.

Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev

Həbs edildikdən bu yana vəkilləri G.Bayramlının səhhətində ciddi problemlərin olduğunu açıqlayıblar. Onların deməsinə görə, xanım siyasətçinin hər iki qıçında şiş olduğundan hərəkət etməsi çətinləşib. Hətta, o bir dəfə təcridxanada yıxıldığını açıqlayıb.

Üstəlik, vəkilləri xanım siyasətçinin həbsindən az sonra bildirmişdilər ki, onun dərman və reseptləri alınaraq, geri qaytarılmır.

Ancaq bu günlərdə Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov onun vəkillərinə məktubla bildirmişdi ki, G.Bayramlının səhhətində ciddi problemlər yoxdur. Məktubda həmçinin vurğulanırdı ki, Gözəl bayramlı bütün müayinələrdən keçirilib.

“G.Bayramlı yenidən təcridxananın tibb-sanitar hissəsində klinik, laboratoriya və instrumental müayinələrdən keçirilib. Travmatoloq, terapevt tərəfindən konsultasiya edilib. Nəticədə G.Bayramlının laboratoriya analizlərinin, qalxanvari vəzinin fəaliyyətinin göstəricilərinin norma civarında olduğu, mədəsində kəskin iltihab əlamətlərinin olmadığı, hərəkətinin məhdudlaşmadığı, çeynəmə və danışığında maneə yaranmadığı müəyyən edilib. Gözəl Bayramlı əməkdaşımızla söhbətində tibbi xidmətdən narazı olmadığını bildirib. Ona bildirilib ki, barəsində olan tibbi sənədləri təqdim etməsi vacibdir”, - təcridxana rəisinin vəkillərə ünvanlanan məktubunda qeyd edilib.

Vəkilin son açıqlamasına isə hələlik, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib.

XS
SM
MD
LG