Accessibility links

Xudatda həbs edilən Müsavat fəalları - vəkillə müsahibə [Video]


Vəkil: Müsavatçıların həbsi qanunsuz, ittihamı saxtadır
please wait

No media source currently available

0:00 0:05:40 0:00

Vəkil: Müsavatçıların həbsi qanunsuz, ittihamı saxtadır

Nemət Kərimli həbsi qanunsuz, ittihamı saxta adlandırır

İqtidarın Müsavat Partiyasına qarşı məqsədli təzyiq kampaniyası apardığı göz qabağındadır. Təzyiqlər prezident seçkiləri qabağı daha da güclənməkdədir. Belə ki, İsmayılı hadisələrində insanları təhqir edən sərxoş məmur balası azadlıqda qaldı Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu həbs edildi, Xudatda da yenə insanları təhqir edən sərxoş hərbi hissə komandiri azadlıdadır müsavatçılar həbs edilib. Bu barədə Xudat hadisələri ilə bağlı həbs edilən Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, partiya fəalları Fikrət Əliyev, Ələddin Mirzəyev və bitərəf Nüsrət Qarayevin işi ilə bağlı mətbuat konfransında partiyanın fəalı Mustafa Hacıbəyli bildirib.

Mayın 10-da Xudat şəhərində (Bakıdan 184 kilometr şimal) Sərhəd Qoşunlarının hərbi hissə komandiri Rövşən Səfərovun xidməti avtomobili yerli sakinlərdən birinin avtomobili ilə toqquşub. Yerli əhali hərbi hissə komandirinin davranışına etiraz edib və məlumatlar sosial şəbəkələrdə yayılıb. Nəhayətdə Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, partiya fəalları Fikrət Əliyev, Ələddin Mirzəyev və bitərəf Nüsrət Qarayev inzibati qaydada 10 sutka həbs edilib. Sərhəd Qoşunları komandanı və yerli rəhbərlər Xudatda etiraz aksiyasının baş vermədiyini bildirir.

Mətbuat konfransında məmurların dedikləri təkzib edilib.

“Xaçmaz rayon məhkəməsinin qərarında göstərilir ki, Heybət Əmrah hərbi hissənin qarşısında keçirilən yürüşdə iştirak edib və bərkdən danışıb. Məhkəmə məhz bunu əsas gətirərək Müsavat fəallarını həbs edib”, vəkil Nemət Kərimli Amerikanın Səsinə müsahibəsinə bildirib.

Vəkil həbsi qanunsuz, ittihamı saxta adlandırıb.

“Heybət Əmrahı gecə saat 4-də evindən aparıblar. O aksiyada iştirak etməyib. Onu aksiya barədə informasiya yaydığına görə həbs ediblər“, o qeyd edib.

Fəalların harada saxlanması barədə də vəkilə məlumat verilməyib.

O Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinin “102” Qaynar Xətt Xidmətinə şikayət etdikdən sonra, mayın 13-də iş gününün sonunda fəalların Quba Polis Şöbəsində saxlandığını deyiblər.

“İş gününün sonu olduğundan fəallarla görüş vermədilər. Ehtimal etmək olar ki, onlara fiziki işgəncə veriblər. Məhz bu səbəbdən də işgəncənin izi itənədək görüşə imkan yaratmayacaqlar”.

Mətbuat konfransında iştirak edən hüquq müdafiəçiləri yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını, Ombudsman Aparatını, Qırmızı Xaç Komitəsini saxta ittihamlarla həbs edilmiş bütün fəalların hüquqlarını müdafiə etməyə çağırıb.

“Cinayətkar rejimdən qanun tələb etmək düzgün deyil. Ölkə iki yerə bölünüb. Bir tərəfdə xalq, digər tərəfdə özləri dediyi kimi harınlamış məmurlar və onların harın balalarını müdafiə edən hakimiyyət durur. Ölkə 98 oktanlı benzinə bənzəyir. Alovlanması üçün bir qığılcım bəs edir. Hökumət bunu dərk edib xalqın tərəfinə keçməlidir”, hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Vidadi İsgəndərli qeyd edib.

Məhkəmənin qərarından apellyasiya şikayəti verilib.
XS
SM
MD
LG