Accessibility links

Vəkillikdən ötrü verilən imtahanın nəticəsi açıqlanıb


Yanvarın 28-də Azərbaycan Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanı keçirilib.

Saat 11:00-da başlayan imtahan 14:00-da başa çatıb.

Vəkilliyə qəbuldan ötrü test imtahanın nəticələri də artıq açıqlanıb. Nəticələrlə Vəkillər Kollegiyasının rəsmi saytında tanış olmaq mümkündür.

Məlumatda bildirilir ki, qeydə alınan namizəddən imtahanda yalnız 1873 nəfər iştirak edib. Onlardan 607 nəfəri 60 və daha yüksək bal toplayıb.

İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılırlar.

Dövlət İmtahan Mərkəzi (DİM) ilə Vəkillər Kollegiyasının keçirdiyi imtahan saat 11:00-da başlayıb.

Namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin binalarında imtahan veriblər.

Məlumatı AzərTAC yayıb.

Prosesin idarə edilməsinə 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunub. Nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib.

Binaların girişlərində buraxılış rejiminin operativliyinin təmin edilməsi və imtahan iştirakçılarının şəxsiyyətinin müəyyənləşdirilməsindən ötrü “barkod-skaner”lərin quraşdırılıb.

Ümumilikdə 1964 namizəd qeydiyyatdan keçib. Namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunur. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə imtahanda məntiqə dair suallardan istifadə edilməyib.

Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılacaqlar.

Xatırlatma

Parlament ötən il oktyabrın 31-də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.

Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Bir çox ekspertlər, hüquqşünaslar bu dəyişiklikləri mürtəce hesab edirlər. Onların fikrincə, hüquqşünasların məhkəməyə çıxmaq imkanlarının əllərindən alınması vətəndaşların məhkəmələrdə müdafiəsində ciddi problemlər yaradacaq.

Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən bir qədər çox üzvü var. Beynəlxalq qurumların hesabatlarına görə, adambaşına düşən vəkil sayı sıralamasında Azərbaycanın adı son yerlərdə gəlir. Üstəlik, müxalif siyasətçiləri və tənqidçı jurnalistləri müdafiə edən vəkillərin kollegiyadan çıxarıldığı bildirilir

Onlardan Elçin Namazovun, Aslan İsmayılovun, Xalid Bağırovun, Müzəffər Baxışovun, Yalçın İmanovun adları çəkilir. Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti də bu günlərdə 1 illik dayandırılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti isə vəkilliyə qəbulu bərpa etməklə yeni qanunvericiliyin hər hansı problem doğurmayacağını düşünür. Son illər Vəkillər Kollegiyasına qəbul dayandırılmışdı.

Bu qurumdan həmçinin, hesab edirlər ki, sözü gedən vəkillərin siyasi mülahizələr əsasında yox, qanunvericiliyin tələblərini pozduqlarına görə, fəaliyyətləri dayandırılıb.

XS
SM
MD
LG