2015-ci il dekabrın 18-də Naxçıvan milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılan Vəli Ələsgərov martın 7-də həbs olunub. Bu barədə azadliq.info saytı məlumat yayıb.
Məlumatda deyilir ki, hazırda Naxçıvanda istintaq təcridxanasında saxlanılan keçmiş nazirə qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham irəli sürülüb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Vəli Ələsgərovun yerinə dohumu olduğu bildirilən Fazil Ələkbərovu təyin edib.
Rəsmi mənbələr Vəli Əlsəgərovun saxlanılması barədə məlumatı nə təsdiq, nə də təkzib edib. Əsgərovun özü də saxlanılması ilə bağlı məlumatlara münasibət bildirməyib.
Bayram günləri olduğundan rəsmi strukturlar işləmir. Bu səbəbdən də məlumatın doğru olub-olmadığını hüquq-mühafizə orqanları ilə dəqiqləşdirmək də mümkün olmayıb.
Bununla yanaşı azadlıq.info saytı mənbələrə istinadən yazır ki, Vəli Ələsgərovun yaxınları onun həyatından ciddi narahat olmağa başlayıb.
“Qohumları narahat edən əsas məqam keçmiş nazirin işgəncə nəticəsində həyatına yarana biləcək təhlükədir. Vəli Ələsgərovun həbs olunandan bəri ailə üzvlərilə görüşməsinə, hətta əlaqə saxlamasına imkan verilməməsi, vəkillə təmin olunmaması onları təşvişə salıb”.
Saytın istinad etdiyi mənbə, Vəli Ələsgərovun məktəb yaşlı övladlarının da nəzarət altında saxlanıldığını, çantalarının yoxlanldığını bildirib.