Accessibility links

Veyn Merri: "Minsk Qrupu faktiki olaraq ölüb"


Veyn Merri: "Minsk Qrupu faktiki olaraq ölüb"
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Veyn Merri: "Minsk Qrupu faktiki olaraq ölüb"

Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri Amerikanın Səsinə müsahibədə aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşü, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçilik səylərindən və ATƏT-in Minsk Qrupunun gələcəyindən bəhs edib.

Amerikanın Səsi: Cənab Merri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Aİ Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə görüş keçirib. Görüşdən sonra Mişel açıqlamasında bildirib ki, Əliyev və Paşinyan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün hərtərfəli sülh sazişinə doğru sürətlə irəliləməyi vəd edib. Sizin buna münasibətiniz nədir? Sizcə üfüqdə sülh müqaviləsi görünürmü?

Veyn Merri: Mən sülh müqaviləsinin üfüqdə olduğuna skeptik yanaşıram, çünki müqavilələr diplomatların nail olmağa çalışdıqları çox, çox mürəkkəb şeylərdir. Onlar nadir hallarda olur. Lakin bu iclasın müsbət tərəfi odur ki, çoxtərəfli beynəlxalq himayə altında bir görüş keçirilib. Biz unutmamalıyıq ki, 20 ildən çoxdur əsas mexanizm olan ATƏT-in Minsk Qrupu indi artıq faktiki olaraq ölüb, çünki Birləşmiş Ştatlarla Rusiya arasında heç bir məsələdə diplomatik əlaqə yoxdur, o ki qaldı Ermənistan və Azərbaycanla bağlı olsun.

Bu dəfə Avropa İttifaqı təşəbbüs görərək, iki ölkə arasında iclasa sponsorluq etdi ki, keçmişdə bu cür görüşü Moskva və ya ATƏT təşkil edərdi. Yəni ən azından dialoq davam edir və bu dialoqun bəzi çoxtərəfli beynəlxalq sanksiyaları var.

Ancaq eyni zamanda bu onu göstərir ki, Rusiya ilə Qərb arasında münasibətlər o qədər pisdir ki, bu mexanizmi Avropa İttifaqı yaratmalı oldu.

Bu görüşün maraqlı tərəfi də o oldu ki, Birləşmiş Ştatlar bunda heç bir rol oynamadı. Mən bunun səbəbini bilmirəm. Amma heç olmamaqdansa, Avropa İttifaqının bunu etməsi daha yaxşıdır.

Amerikanın Səsi: Şarl Mişel həmçinin elan edib ki, Əliyev və Paşinyan aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının yaradılmasına razılaşıblar. İki lider daha öncə 2021-ci ilin noyabrında Soçidə Rusiya Prezidenti Vladimir Putinin ev sahibliyi etdiyi görüşdə bu komissiyanın yaradılmasına razılaşmışdılar və komissiyanın işində Rusiya rəsmilərinin də iştirak edəcəyi gözlənilirdi. Sizcə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda, Moskvanın iki ölkə arasında sərhədlərin demarkasiyasına vasitəçilik etməsi nə qədər təsirli və ya hətta qanuni olar?

Veyn Merri: Rusiyanın bu gün Ukraynadakı əməllərinin nə qədər dəhşətli olmasından asılı olmayaraq (ki, mən orada baş verənləri kiçiltmək istəmirəm) amma fakt budur ki, həm Ermənistan həm də Azərbaycan Moskva ilə münasibətlərini yüksək qiymətləndirir və onların heç biri digərinin bundan faydalanacağından qorxduğunu üçün bu münasibətlərə xələl gətirmək istəməz.

Vəziyyət budur ki, Rusiya həm Bakı həm də Yerevanla müsbət danışıqlar apara biləcək yeganə xarici ölkədir.

Əvvəllər bizim Minsk Qrupu adlandırdığımız proses var idi, amma unutmamalıyıq ki, Minsk Qrupu həm Ermənistan həm də Azərbaycanda populyarlığını itirib və Vladimir Putin Ermənistanı 2020-ci ilin sonunda daha böyük hərbi məğlubiyyətdən xilas etdi. Zənnimcə əsas reallıq ondan ibarəditdir ki, əgər Putin Bakıya müdaxilə edib, azərbaycanlılara dayanmalarını deməsə idi, Ermənistanın hərbi məğlubiyyəti daha böyük olardı. Şübhəsiz ki, bütün Qarabağı itirə, hətta Ermənistan ərazisindən itkilər verə bilərdi.

Ruslar, əlbəttə ki, azərbaycanlıların Ermənistan Respublikasının ərazisinə daxil olmalarını istəmirdilər, çünki belə bir halda Rusiyanın Qarşılıqlı Müdafiə Müqaviləsi atındakı öhdəlikləri işə salınacaqdı, amma əlbəttə ki, bu müqaviləyə əsasən rusların Qarabağ məsələsində nə isə etmək öhdəlikləri yox idi.

Ancaq Rusiyanın münaqişədən sonrakı mühtidə sülhməramlı qüvvə rolu çox çox mühümdür. Aydındır ki, bu Moskva üçün önəmlidir, çünki Rusiyaya başqa heç bir ölkənin, hətta Türkiyənin belə oynamadığı rolu oynayır. Amma bu həm də o deməkdir ki, nə Bakı nə də ki Yerevandakı hökumət Rusiyanın aktiv iştirakı olmadan hər hansı bir demarkasiya fəaliyyətini həyata keçirməz.

Yenə deyirəm, hər iki ölkə Moskva isə münasibətlərini yüksək qiymətləndirir. Həm də onların hər ikisi də narahatdır ki, əgər onlar hər hansı yolla Moskva ilə münasibətlərinə xələl gətirsə, digəri bundan faydalana bilər.

Bu, sadəcə olaraq, fundamental reallıqdır. Ona görə də mən deyərdim ki, Rusiya məsələsi Moskvanın bu müharibə ilə təkcə Ukraynada deyil, bütün Qərb dünyasında və dünyanın başqa hissələrində yaratdığı dəhşətli qarışıqlıq fonunda Qafqazda diplomatiyaya nə qədər diqqət ayıra bildiyindən asılıdır.

Moskvanın siyasətinin çox az sayda yüksək səviyyəli rəsmilərin əlində cəmləşdiyini nəzərə alqıda, onların çox məhdud zamanları var və məndə belə bir sual yaranır ki, Putin, Lavrov və ya Moskvadakı başqa yüksək səviyyəli rəsmilərin Ermənistan və Azərbaycan məsələsi ilə maraqlanmağa vaxtları varmı?

Onlar bu məsələləri başqa insanlara həvalə edə bilərlər və mümkündür ki, belə də edəcəklər. Amma bu problemlərin həlli məsələsində Rusiyadan müsbət bir addım görmək istədiyinizdə, bu məsələlər demək olar hər zaman yüksək səviyyəli rəsmilərə həvalə olunur. Rusiyada sistem belə işləyir. Və mən də narahatam ki, Rusiya sadəcə olaraq önümüzdəki aylarda yüskək səviyyəli rəsmilərin zaman və enerjilərini Qafqazdakı problemlərə sərf edə bilməyəcək. Amma baxıb görəcəyik.

Amerikanın Səsi: Siz ATƏT-in Minks Qrupu məsələsinə toxundunuz. Söz açılmışkən, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq moskvaya tətbiq olunan sanksiyaları və Rusiya ilə Qərb arasında gəringliyin artdığını nəzərə aldıqda, Rusiyanın Birləşmiş Ştatlar və Fransa ilə birlikdə həmsədr olduğu ATƏT-in Minsk Qrupunun gələcəyini necə görürsünüz?

Veyn Merri: Əslində buradakı daha böyük sual ümumiyyətlə ATƏT-in gələcəyinin nə olacağıdır. Mənim daha öncə ATƏT-də yüksək vəzifədə çalışan yaxın bir dostum hazırda bu mövzuda çox maraqlı bir məqalə yazır. “Ukrayna böhranından sonra ATƏT-in rolu nə olacaq?” Bu daha böyük bir mövzudur.

Lakin Minsk Qrupu məsələsi ondan ibarətdir ki, sadə dildə desək, qrupun iki üzvü – Birləşmiş Ştatlar və Rusiya Federasiyası – arasında demək olar heç bir diplomatik əlaqə yoxdur.

İki səfirlik – Moskva və Vaşinqtondakı səfirliklər, demək olar, ruhlar şəhərlərinə çevriliblər. Onlar boşdur. Mənim bir zamanlar çalışdığım və o vaxt 40 diplomatın olduğunu Moskvadakı səfirliyin siyasi idarəsində indi yalnız bir diplomat var.

Səfirlərin də öz xarici işlər nazirliklərində işləyən insanlardan başqa demək olar ki, heç kimə çıxışı yoxdur.

Məncə Minsk Qrupu praktiki olaraq ölüb.

ATƏT-in nə vaxtsa bu reallığa hər hansı bir formallıqda cavab verib-verməyəcəyini mən sadəcə olaraq bilmirəm. Amma mən bunu ona işarə görürəm ki, gör Minsk Qrupunun rolu ən azından yaxın gələcəkdə nə qədər ümidsizdir ki, Avropa Komissiyası belə bir təşəbbüs edib. Və mən bunu alqışlayıram. Mən düşünürəm ki, Bakı ilə Yerevan arasında ikitərəfli dialoqda təkcə Moskva deyil, kənar mövqedən kimsə iştirak etməlidir.

Amerikanın Səsi: Siz Avropa İttifaqının son zamanlarda iki ölkə arasında vasitəçilik etməkdə bu qədər fəal olmasına təəccüblənirsinizmi?

Veyn Merri: Avropa İttifaqının bu regionda onsuz da əməkdaşlıq strukturları var.

Məsələn onlardan biri Şərqi Tərəfdaşlıq proqramıdır ki, ona Ermənistan və Azərbaycan daxil edilib.

Yəni Avropa Komissiyası və Avropa bürokratiyasının nöqteyi-nəzərində onların, hüquqşünasların dili ilə desək, bu məsələyə cəlb olunmaq üçün əsasları var.

Önəmli olan yeganə şey iki hökumətin, Bakı və Yerevanın, Avropa İttifaqının rol oynamasını istəyib-istəməməsidir. Burada isə bunun cavabı olduqca aydındır – Bəli, istəyirlər. Bilirsiniz, iki lider arasında görüş başqa yerdə də keçirilə bilərdi. Sizin də qeyd etdiyiniz kimi, son görüş Soçidə Rusiyanın ev sahibliyi ilə keçirilmişdi.

Hazırda mən deyərdim ki, rusların başı qarışıqdı və onların prezidentinin bu cür görüş keçirmək üçün vaxt ayırmaq ehtimalı çox azdır.

Birləşmiş Ştatların bunu etmək iqtidarında olub-olmadığını bilmirəm. Bu, Birləşmiş Ştatların Bayden admnistrasiyası altında Qafqazdakı rolu ilə bağlı maraqlı sual doğurur. Bundan öncəki administrasiya, yəni Donald Tramp administrasiyası həqiqətən də maraqlanmırdı. Münaqişəyə son qoymaq məqsədilə telefon görüşləri edən təkcə Putin idi.

Əslində, adətən Amerika prezidentinin ən azından münaqişədə iştirak edən iki liderin prezidentinə zəng etməsini və Bİrləşmiş Ştatların NATO üzvü olaraq Türkiyə hökuməti ilə yüksək səviyyədə əlaqədə olmasnı gözləmək olardı.

Amma təəssüf ki, Birləşmiş Ştalardan gözləntilərimizdən asılı olmayaraq, hazırda Bayden admininstrasiyasının bu məsələlərlə çox maraqlandığında dair açıq işarələr yoxdur.

Onlar sadəcə olaraq avropalıların bunu etmək, iki lider arasında görüşlər keçirmək iqtidarında olduğunu düşünə bilərlər. Və mümkündür ki, Birləşmiş Ştatlar “buyurun, edin” deyib, xüsusilə də ona görə ki, onlar məsələnin təkcə Rusiyanın ixtiyarında olmasını istəməzdilər.

Amma Brüsseldə keçirilən bu görüşdən sonra məndə iki böyük sual yaranır. Birincisi Birləşmiş Ştatların, ikincisi və daha da vacibi isə Türkiyənin rolunun nə olacağıdır. Çünki son illərdə Qafqazda həqiqətən də dəyişən dinamika Türkiyənin rolu olub.

Ərdoğan Türkiyənin Qafqazda, Rusiyaya bənzər regional böyük qüdrət rolunu oynamaq istəyir. Moskva isə bunu istəmir, buna qarşıdır.

Ancaq Türkiyə silahlı qüvvələrinin 2020-ci ildə müharibəyə hərbi hazırlıq və hətta əməliyyatların icrasına mühüm rol oynadığına şübhə yoxdur. Azərbaycan silah-sursat və avadanlıqlara pul xərcləmişdi, amma NATO standartlarında bir əməliyyatda silahdan istifadə etmək üçün Ankaradan çox sayda yüksək səviyyəli hərbçilərin iştirakı tələb olunurdu.Türkiyənin iştirakı olmadan bu müharibənin nəticəsi, şübhəsiz ki, çox fərqli və daha az həlledici olardı. Ona görə də Azərbaycan üçün Türkiyənin rolu tamamilə vacib idi.

Biz indi görürük ki, Yerevan Türkiyə ilə əlaqələrini normallaşdırmağa çalışır. Türkiyə də bunu istəyir. Türkiyənin bu münaqişədən sonra istədiyini şeylərdən biri ilk dəfə Ermənistanla normal diplomatik əlaqələr qurmaqdır.

Ona görə də, deyərdim ki, hər dəfə bu məsələyə baxanda Rusiya və Fransanın və ya Avropa İttifaqı və Birləşmiş Ştatların mövqeyini deyil, daha çox, mənim fikrimcə, ən vacib oyunçu olan Türkiyənin mövqeyini nəzərdən keçirmək lazımdır. Bu heç vaxt göz ardı edilməməlidir.

Amerikanın Səsi: Mənim növbəti sualım da məhz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlıdır. Bunu nəzərə aldıqda Siz Türkiyəni Cənubi Qafqazda sülh quruculuğu prosesində rolunu necə görürsünüz? Sizcə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının regiona hər hansı təsiri ola bilərmi və bu təsir nə olar?

Veyn Merri: Yadınızda saxlayın ki, Türkiyənin bütün regiondakı rolu olduqca unikaldır. Türkiyə NATO üzvüdür, amma Avropa İttifaqı və ya Qərbin Ukraynadakı müharibə səbəbilə Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Əlbəttə ki, Türkiyənin Ukrayna ilə uzun müddətdir davam edən çox müsabət münasibətləri var, amma Rusiya ilə da həmçinin. Ona görə də Ərdoğan son bir neçə aydır kifayət qədər ehtiyatlı siyasət yürüdür. Hətta demək olar ki, Türkiyə Ukraynadakı böhranda dayanacağı etibarlı bir yer axtarır.

Amma hər şeydən öncə, Ərdoğan Türkiyənin mahiyyət etibarilə şərqi Aralıq dənizi regionu və Qara dəniz regionunun hegemonuna çevrilməsini istəyir.

Türkiyənin bir neçə il öncə Qarabağ məsələsində Azərbaycanda oynadığı rol da bunun əsas bir parçası idi. Biz Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibə başladacağını, Krımı ilhaq edəcəyini təxmin etmirdik ki, bu da mühüm Qara dəniz problemi idi. Amma əgər Rusiya Qara dənizin bütöv şimal hissəsini nəzarət altına almağa çalışsa, bunun Türkiyə və Türkiyə siyasətinə böyük təsirləri olacaq.

Ona görə də mən deyərdim ki, Ərdoğan indi Qafqazda bir neçə il öncə başlatdığı dinamik təşəbbüsü davam etdirməyə çalışır, amma davamlı olaraq, Rusiyanın deyil, Türkiyənin gölü hesab etdiyi Qara Dəniz regionunda dəyişən güc münasibətlərini izləyir.

İndi isə o elə bir mənzərə ilə qarşı-qarşıyadır ki, əgər Moskva hərbi məqsədlərindən hər hansına nail olsa, Türkiyə üçün Qara dəniz parametrləri Türkiyənin heç istəməyəcəyi şəkildə çox dəyişəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG