Qərbi Azərbaycanın mərkəzi Urmiyə şəhərində vilayət məsulları və qubernatorlarla danışan vali Qurbanəli Səadət İranda vilayətlərin gücləndirilməsi və səlahiyyətlərinin artırılmasının zəruri olduğunu vurğulayaraq İran parlamentinin bu istiqamətdə addım atmasını tələb edib.
Bu barədə valiliyin rəsmi internet səhifəsi məlumat yayıb.
“Qərbi Azərbaycan sahib olduğu gəlirlər və qabiliyyətlərlə öz işlərini idarə edə bilər,” deyə ifadə edən valinin sözlərinə görə, “vilayətlərin gücləndirilməsi məsələsi siyasi deyil, bir iqtisadi mövzudur. Hakimiyyət işləri öz yerində, amma, vilayətlərin irəliləyişi və inkişafı ilə bağlı olan sahələr onların özünə tapşırılmalıdır.”
Qurbanəli Səadətin dediklərinə görə hazırda İran vilayətlərinin üzləşdiyi problemlər yerli rəsmilərin gücləndirilməsi və desentralizasiya (hakimiyyətin səlahiyyətlərinin bölüşdürülməsi) yolu ilə çözülə bilər.
Urmiyəli siyasətçi həmçinin İranın Türkiyənin Ərzurum şəhərindəki baş konsuluna göndərdiyi mesajda Qərbi Azərbaycan vilayətinin Türkiyənin şərq bölgələri ilə iqtisadi, mədəni və elmi təmasları genişləndirməkdə qərarlı olduğunu bildirib.