Accessibility links

Ağ Ev: ABŞ Ukraynaya kömək etməyə davam edəcək


Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ-ın Ukraynaya öz demokratiyasını müdafiə etməyə kömək etməyə davam edəcəyini bildirib və müharibəyə Rusiyanın başladığını vurğulayıb.

"Bu, Putinin təcavüzüdür - başqa ölkənin suverenliyinə qarşı əsassız təcavüzdür... Ukrayna özünü müdafiə etməlidir və bunu inanılmaz dərəcədə təsirli şəkildə edir" – deyə, Karin Jan-Pyer bildirib.

O, Ukraynanın taxıl ixracı məsələsinin prezident Bayden üçün prioritet məsələ olduğunu əlavə edib.

"Rusiya dəfələrlə Ukraynadakı taxıl anbarlarına ziyan vurub, Ukrayna taxılını oğurlayıb və Ukrayna limanlarından ərzaq ixracını aktiv şəkildə bloklayaraq, dünya boyu aclığın artmasına səbəb olub. Rusiya Ukraynada qlobal ərzaq təhlükəsizliyini dağıdan müharibəni dərhal dayandıra və Ukraynanın ərzaq və kənd təsərrüfatı məhsullarının sərbəst axınına icazə verə bilər" - deyə, Ağ Evin mətbuat katibi bildirib.

Karin Jan-Pyer əlavə edib ki, ABŞ və müttəfiqləri Ukraynaya yardımı davam etdirəcək, lakin Vaşinqtonun Avropadakı tərəfdaşları Kyivə necə kömək edəcəklərinə qərar verir.

"Düşünürəm ki, bu, onların (ABŞ-ın müttəfiqlərinin) Ukraynaya necə kömək etmək istədiklərindən asılıdır. Biz NATO üzrə müttəfiqlərin Ukraynaya kömək etmək üçün bir araya gəldiyi zaman bir koalisiyanın olduğunu gördük. Və bu, əsas etibarilə prezident Baydenin liderliyi sayəsində oldu" – deyə, Karin qeyd edib.

O əlavə edib ki, ABŞ-ın müdafiə naziri Lloyd Austin bu həftə Avropada olacaq və burada o, təmas qrupunun görüşlərinin yeni raundunu keçirəcək, xarici həmkarları ilə görüşəcək və onlardan Ukraynaya silah və avadanlıqların verilməsini davam etdirmələrini istəyəcək.

XS
SM
MD
LG