Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı donor ölkələri Əfqanıstana təcili yardım göstərməyə çağırır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Əfqanıstanın səhiyyə sisteminin dəstəklənməsi üçün maliyyə və resurs çatışmazlığı onilliklər ərzində qeyri-sabitlik və təbii fəlakətlərin ağır təsirlərinə məruz qalmış ölkədə milyonlarla insanın həyatını təhlükə altına aldığı barədə xəbərdarlıq edib.

Cümə günü verdiyi yeni xəbərdarlıqda ÜST "hərəkətsizliyin nəticələrinin fəlakətli olacağını" deyərək, beynəlxalq ictimaiyyəti Əfqanıstandakı səhiyyə böhranının həllinə yardım etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatı investisiyalar cəlb edilməsə, 8 milyon əfqanın lazımi və potensial olaraq həyatı xilas edəcək səhiyyə xidmətindən məhrum olacağını, 450 min xəstənin isə travma xidmətlərinə çıxışının çox az və ya heç olmayacağını qeyd edib.

Bundan əlavə, psixi pozğunluğu olan təqribən 1,6 milyon insanın psixososial dəstəyə çıxışının az və ya heç olmadığı bildirilib.

"Əfqanıstanda vəziyyət ağırdır. Tibb işçilərinə və obyektlərinə dəstək olmaq üçün resurslar və maliyyə çatışmazlığı saysız-hesabsız insanın həyatını riskə atır" - deyə, ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.

"Ən çox qadınlar və uşaqlar əziyyət çəkir. Mən donorları yardımları səxavətlə verməyə çağırıram ki, həyat qurtarma işimizi davam etdirə bilək", o əlavə edib.

BMT bu il Əfqanıstana 3,26 milyard dollarlıq humanitar yardım ayrılması üçün müraciət etsə də, lakin donorlar avqustun 8-nə qədər cəmi 800 milyon dollar ayırıb. Bu tələb olunan yardımın 25 faizindən azdır. Ölkənin 40 milyonluq əhalisinin üçdə ikisindən çoxunun təcili olaraq yardıma ehtiyacı var.

"Qadın və qızlar təhsilə və işçi qüvvəsinə qoyulan qadağalara görə səhiyyə xidmətinə də maneələrlə üzləşdikləri halda daha da zəif durumdadırlar" - ÜST cümə günü qeyd edib.

Əfqanıstan İslam Əmirliyinin sərt xətt tərəfdarı olan Taliban hökuməti 2021-ci ilin avqustunda nəzarəti bərpa etdikdən sonra qadınların işə və təhsilə çıxış imkanlarına geniş məhdudiyyətlər qoyub. Talibanın həmçinin Birləşmiş Millətlər Təşkilatı və digər yardım qruplarında əfqan qadın işçilərin işləməsinə qadağa qoyması ölkə daxilində humanitar əməliyyatlara ciddi zərbə vurub.

Forum

XS
SM
MD
LG