Accessibility links

Xədicə İsmayılın şikayəti təmin edilmədi


İyunun 1-də Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə jurnalistin kassasiya şikayətinə baxılıb.

Jurnalistin vəkili Fariz Namazlı bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2015-ci il tarixli hökmüylə X.İsmayılın 91 gün ərzində həbsdə qanunsuz saxlanıldığı təsdiqlənib:

«Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Bakı şəhər Prokurorluğunda CM-nin 125-ci maddəsi ilə təqsirləndirilərək, Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. O, 2015-ci il fevralın 13-nə qədər yalnız bu maddə ilə həbsdə saxlanılıb. Fevralın 13-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ona daha dörd maddə (qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə, mənimsəmə) ilə ittiham verilib. Ardınca da hər iki cinayət işi birləşdirilib. 2015-ci il martın 6-da Xədicə İsmayıla verilmiş yeni ittihamlarla əlaqədar həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Yəni, jurnalist dekabrın 5-dən martın 6-na qədər yalnız bir ittihamla (125-ci maddə) həbsdə saxlanılıb. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla 125-ci maddə üzrə bəraət verib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bəraəti qüvvədə saxlayıb».

«PUL KOMPENSASİYASI ALMAQ HÜQUQU VAR»

Vəkil deyir ki, jurnalistin 91 gün həbsdə saxlanmasına səbəb olan ittiham üzrə ona bəraət verilibsə, bu qanunsuz həbsə görə kompensasiya da ödənilməlidir.

«Xədicə İsmayıl ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi məbləğlər, həbsdə olduğu müddətdə işləyə bilmədiyi üçün əldən çıxmış gəliri, həbsdə olduğu müddətdə çəkilmiş digər xərclər, eləcə də ona dəymiş maddi və mənəvi zərərə görə pul kompensasiyası almaq hüququna malikdir», – F.Namazlı bildirib.

Jurnalistin iddiası əsasında Maliyyə Nazirliyi də üçüncü tərəf qismində prosesə cəlb olunub.

İlqar Xələfovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra jurnalistin kassasiya şikayətinin təmin olunmadığını elan edib.

F.Namazlı AzadlıqRadiosuna bildirib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.

XATIRLATMA

Xədicə İsmayıla CM-nin 125-ci maddəsi ilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

Yerli və beynəlxalq hüquq-müdafiə və jurnalistika qurumları, eləcə də AzadlıqRadiosunun rəhbərliyi jurnalistin hakim ailə üzvlərinin, digər yüksəkçinli məmurların gizli biznesini üzə çıxaran araşdırmalarına görə hədəfə alındığını bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG