Accessibility links

İran Xalq Mücahidlərinin bazasına hücum olub


Xalq mücahidləri
Xalq mücahidləri

Təşkilat 3 üzvünün öldüyünü, 50 nəfərin yaralandığını açıqlayıb

İran Xalq Mücahidləri Təşkilatı (İXMT) üzvlərinin qaldığı İraqın paytaxtı Bağdad şəhərinin 15 kilometr qərbində yerləşən və Bağdad Beynəlxalq Hava Limanının yaxınlığındakı ABŞ-ın köhnə hərbi bazası olan “Camp Liberty”yə (“Azadlıq”) hücum nəticəsində üç nəfərin öldüyünü, 50 nəfərin isə yaralandığını açıqlayıb.

APA agentliyinin məlumatına görə, dekabrın 26-da yerli vaxtla saat 21.15-də baş vermiş hadisə İraq rəsmiləri tərəfindən də təsdiqlənib. Hücumun məsuliyyətini
“Muxtarın ordusu” şiə qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

İraqın bir təhlükəsizlik rəsmisi düşərgəyə 4 qumbaranın atıldığını, nəticədə 2 nəfərin yaralandığını, heç bir adamın ölmədiyini bildirib. Ancaq bir müddət sonra İraq polisi 4 yaralının Bağdadın qərbindəki xəstəxanalardan birinə qaldırıldığını açıqlayıb. Lakin İXMT “Camp Liberty”yə 10 qumbaranın atıldığını? nəticədə Məhəmməd Cavad Saleh Tehrani, Mahmud Bornəfər və Abbas Nəmvarın öldüklərini bəyan edib.

Bu arada ABŞ İXMT üzvlərinin qaldığı düşərgəyə hücumu pisləyib. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Saki bildirib ki, rəsmi Vaşinqton İraq hökumətini və BMT nümayəndələrini hadisə zamanı yaralanan insanların müalicəsini təmin etməyə çağırır: “Biz həmçinin İraqdan düşərgə sakinlərinə qarşı zorakılığın qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini artırmasını istəyirik”.

Qeyd edək ki, İXMT üzvləri rəsmi Tehranın təzyiqi, İraq şiələrinin düşərgə qarşısında etiraz aksiyaları keçirməsi səbəbindən İraq hökumətinin qərarı ilə “Əşrəf” düşərgəsindən ABŞ-ın köhnə hərbi bazası “Camp Liberty”yə köçürülüblər. 2011-ci ilin dekabrında BMT və İraq arasında imzalanmış müqaviləyə əsasən, İXMT üzvləri üçüncü ölkədə yerləşdirilənə qədər onlar “Camp Liberty”də qalmalıdırlar. Hazırda düşərgədə təşkilatın 1500 üzvü var.

İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İXMT İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra təşkilatın minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İXMT-nin adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.
XS
SM
MD
LG