Accessibility links

"Pharrell Williams və başqaları məni həbs edənlərə yardımı dayandırmalıdır"


Keçmiş vicdan məhbusu, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl ölkədəki mövcud vəziyyətlə bağlı məşhur “The Washington Post” qəzetində məqalə dərc etdirib. Azadliq.info dərc etdiyi məqalənin tərcüməsini təqdim edirik:

Formula 1 Avropa Qrand Prisi bu həftə Azərbaycan paytaxtının ürəyində, Köhnə Bakının gözəl küçələrində keçirilir. Yarış zamanı qəza ehtimalı fikri məni vahiməyə salır.

Farel Uilyams, Kris Braun və Enrike İqlesias kimi ulduzların iştirakı yarış azarkeşlərini əyləndirmək və hakimiyyətdə olan Əliyev ailəsinin mənim ölkəmi xoşbəxt və normal ölkə kimi təblğinə kömək məqsədi daşıyır.

Azərbaycan isə korrupsiya ilə idarə olunan ölkədir. Əgər qiymətdə anlaşılıbsa, rəsmilər alınıb-satıla, cinayətlər görməzdən gəlinə bilər.

2015-ci il sentyabrında müxtəlif ittihamlarla, mənimsəmə və vergidən yayınma ittihamları da daxil olmaqla, 7 il yarım həbs cəzasına məhkum olundum (Ona qədər istintaq müddətində 9 ay həbsdə olmuşdum). İttihamlar yanlış, həm də çox ironik idi: Həbsimin real səbəbi jurnalist fəaliyyətim və Əliyevlər ailəsinin cinayətlərini araşdırmağım olmuşdu.

Həbsdə olanda illərdir İranla Azərbaycan arasında heroin qaçaqmalçılığı ilə məşğul olan bir qadınla tanış oldum. O bu işə ona görə bulaşmışdı ki, əri xəstə idi və xəstəxanalar onu sağaltmaq üçün rüşvət tələb edirdi – “Breaking Bad” serialının Qafqaz variantı. O bu vaxta qədər bir neçə dəfə tutulmuş, ancaq həbsə düşməkdən yayına bilmişdi. Söhbətimiz zamanı soruşdum ki, nə vaxtsa həbsxana şəraitinə və ya ölkədə olan korrupsiyaya etiraz etməyi düşünübmü? O dedi ki, yox. Çünki qorxur. Bəs heroin qaçaqmalçılığı ilə məşğul olmağa qorxmurdumu? O dedi: “Narkotik işi belədir ki, kiməsə rüşvət verib azad ola bilərsən. Ancaq hökümətə etiraz etsən, heç bir rüşvət səni xilas etməz”.

O, düz deyirdi. Pul cinayətkarları həbsdən azad edə və yaxud da həbs müddətini azalda bilər. Siyasi məhbusların isə belə anlaşmalarda iştirak etmək imkanı yoxdur. Ancaq siyasi məhbuslara da bəzi təkliflər edilir.

Mənim sakit oturmağım mənim mübadilə vasitəmə çevrilə bilərdi. Yazmağı dayandırmaq sözü verəcəyim təqdirdə təməl haqlarım mənə geri qaytarıla bilərdi. Mən razılaşmadım, hətta həbsdən də yazmağı davam etdirdim. Məqalələrimin çapı kameramda axtarışların aparılması, sorğuya çəkilmək və kommunikasiya məhdudiyyətləri ilə nəticələndi. Vəkillərim və ailəmlə görüşdən əvvəl və sonra üstüm axtarılırdı. Məxfiliyin qorunmasına dair qanuni imtiyazlarım olmasına baxmayaraq, hər bir qeyd və ya kağız parçası diqqətlə gözdən keçirilirdi.

Məndən həbsdən buraxılmağım üçün ailə üzvlərim və ya vəkillərimin prezidentə əfv ərizəsi ilə müraciət etməsini istəyib-istəmədiyim soruşulduqda, mən rədd cavabı verdim. Bu, Soljenitsinin termini ilə desək, “yalanda iştirak” olardı. Mən repressiya maşınının tərkib hissəsi olmaq istəmədim.

May ayında əldə olunan azadlığım müxtəlif təşkilatlar tərəfindən aparılan beynəlxalq, ictimai kampaniyaların nəticəsi idi. Mən Azərbaycanda həbsdə olan çoxsaylı siyasi məhbuslardan yanlız biri idim. Bir çoxları hələ də həbsdə qalmaqda davam edir. Onların arasında “Azadlıq” qəzetinin jurnalisti, peyk vasitəsilə yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Seymur Həzi də var. Ona “xuliqanlıq” ittihamı irəli sürülüb. Müxalifət lideri İlqar Məmmədov 2013-cü ildən bəri həbsdədir. Bloqqer İlkin Rüstəmzadə 2013-cü ildə təşkil etdiyi aksiyalara görə həbsdədir.

Bütün bu sadaladıqlarımda ümumi bir cəhət avtoritarizmin idarə edə bilmədiyi şeylərdən qorxmasıdır.

İroniya doğuran hal odur ki, Azərbaycanı dünyaya liberal, plüralistik ölkə kimi təqdim etmək istəyənlər jurnalist fəaliyyətimə görə mənə qarşı mənimsəmə ittihamını irəli sürdülər. Onlar öz liberal kimliklərini onu sorğulayanları həbsə atmaqla təmin etmək istəyirlər.

Eyni zamanda, onlar ölkənin pullarını (neft qiymətlərinin düşməsi ilə ölkə gəlirlərinin kəskin şəkildə azaltdığı şəraitdə) dünyanın gözünü qamaşdırmaq məqsədilə, beynəlxalq idman meqa-tədbirlərinə xərcləyir.

Məndə maraq doğurur ki, Farel Uilyams və ya tədbirə gələn digər ulduzlar oxumağa fasilə verib sadə Azərbaycan vətəndaşından soruşacaqmı ki, onlar xoşbəxtdirmi və ya belə bir prestijli idman tədbirini ölkəsində görmək istəyir mi? O ölkədə ki, vətəndaşlar üçün təməl tibbi sığorta sistemi hələ də mövcud deyil…

Onlar yaxşı bilir ki, əksər azərbaycanlılar öz fikirlərini qorxularından ifadə edə bilmir. Azadlığı risk altında olan ölkə vətəndaşları rejimdən hesab sormaq iqtidarında olmaya bilər, ancaq İqlesias, Braun və Uilyams bunu edə bilər. Onlar yalanın iştirakçılarına çevrilməməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG