Accessibility links

Xədicə İsmayılova alternativ Nobel mükafatı alıb


Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayılova alternativ Nobel mükafatı sayılan Right-Livelihood-Award "Dürüst Həyat Mükafatı"na layiq görülüb.

Jürinin açıqladığı kimi, İsmayılova "araşdırmaçı jurnalistika vasitəsi ilə ən yüksək səviyyədə korrupsiyanı aşkar etmək üçün cəsarət və sədaqət" mükafatını alıb.

Mükafatda vurğulanıb ki, o, TeliaSonera kimi çoxmillətli şirkətləri də əhatə edən Azərbaycan hökumətinin ən yüksək səviyyədə korrupsiyaya dair təkzibedilməz sübutlarını aşkar edib.

"Alternativ Nobel mükafatı" adı ilə tanınan builki Livelihood mükafatının laureatlarının adları 26 sentyabrda elan edilib.

Təqdimat İcraçı Direktor Ole von Uexkull və münsiflər heyətinin üzvü və BMT-nin dinc toplaşmaq azadlığı və assosiasiya hüququ üzrə keçmiş xüsusi məruzəçisi Maina Kiai tərəfindən veriləcək.

Bu mükafat 1980-ci ildə təsis edilib. Əsasən qlobal problemlərin həllinə kömək edən cəsarətli insanlar və təşkilatlara hörmət və dəstək əlaməti olaraq verir.

Əvvəlki mükafatçılar arasında ABŞ kəşfiyyat məlumatlarını sızdıran Edward Snowden, İngilis jurnalist Alan Rusbridger, Cumhuriyyət qəzeti (Türkiyə), həmçinin İsveçli uşaq kitablarının müəllifi Astrid Lindgren və başqalarının adları var.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayılova vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. Ancaq o, ittihamları qəbul etmir, korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı və ona 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası kəsilməklə sərbəst buraxılıb. Onun ölkədən çıxışına icazə verilmir.

XS
SM
MD
LG