Əgər cərrahlar pasientdə xərçəng olduğundan şübhələnirlərsə, onlar şübhələndikləri toxumanı kəsib, test olunması üçün laboratoriyaya göndərirlər. Nəticələri almaq uzun çəkir. Amma MasSpec Pen adlı yeni ixtira sayəsində bu proses bir neçə saniyə çəkə bilər.
Bu qələm xərçəngi, demək olar, dərhal müəyyən edə bilir.
Hazırkı proses zamanı pasientdən kiçik toxuma kəsilir. Bizim texnologiya ilə toxumanı kəsmədən, içində xərçəngin olub-olmadığını müəyyən etmək mümkündür.Aydın Zahedivaş
“Bu, böyük irəliləyişdir, çünki, məsələn, ötən gün biz bir cərrahla hazırkı üsulla nəticələri iki saat gözləməli olduq,” deyə Aydın Zahedivaş bildirir.
Aydın Zahedivaş tibb tələbəsi, eyni zamanda isə MacSpec Pen qələminin ixtiraçısıdır. O deyir ki, qələm xərçəng nəticələrini saniyələr içində verə bilir və ənəvi üsuldan daha az invazivdir.
“Hazırkı proses zamanı pasientdən kiçik toxuma kəsilir. Bizim texnologiya ilə toxumanı kəsmədən, içində xərçəngin olub-olmadığını müəyyən etmək mümkündür,” o deyir.
Qələmin üstünə tökülən bir damcı su əməliyyat zamanı şübhəli xərçəng toxumasından molekulları çəkib çıxarır.
Daha sonra mas-spektrometr adlanan bu cihaz suyu analiz edib, xərçəngin mövcud olub-olmadığını müəyyən edir. Bu, xərçəngin müəyyən olunma prosesinə dəqiqlik əlavə edir. Cərrahlar saniyələr içində toxumanın hansı hissəsini, nə qədər kəsməli olduqlarını bilir ki, sağlam toxuma zərər görməsin.
“Biz pasientlərdən alınan insan toxumaları üzərində sınaq keçirmişik və 96 faiz dəqiqlik əldə etmişik,” Zahedivaş söyləyir.
Yeni texnologiyalar sayəsində komanda bu qələmi iki il yarıma inkişaf etdirib.
“Biz prototipin bütün hissələrini 3-D printer vasitəsilə çap etmişik. Bu da bizə işləyən qələmi sürətli şəkildə hazırlamağımıza imkan yaradıb,” Zahedivaş söyləyir.
Zahedivaş deyir ki, MasSpec Pen bir il ərzində Austində yerləşən Texas Universitetinin Dell Tibb Məktəbində əməliyyat zamanı sınaqdan keçiriləcək. Bundan əlavə bu yeni cihazı MD Anderson Xərçəng Mərkəzi və Hyustonda yerləşən Baylor Tibb Kollecində sınaqdan keçirmək planlaşdırılır.