Qazaxıstana məxsus "Airastana" milli aviaşirkəti Rusiya Hərbi-Dəniz Qüvvələrinin gəmisindən Xəzər dənizi üzərindən raket zərbələrinin endirilməsi ilə əlaqədar olaraq Almatı-Bakı-Almatı reysinin marşrutunda dəyişikliklər edib.
Report.az saytı "Astana" telekanalına istinadən bildirir ki, aviaşirkət həmçinin yaxın vaxtlarda Almatı-Tbilisi və Almatı-İstanbul reyslərinin marşrutlarını da dəyişdirə bilər.
"Hava gəmiləri Xəzər dənizinin tamamilə kənarından keçərək uçuşları yerinə yetirəcək".
Aviaşirkət bildirir ki, Almatı-Bakı reysi üzrə uçuşların vaxtı trayektoriyanın dəyişməsinə görə çoxalıb. Həmçinin yanacaq xərcləri də artıb, ancaq bu, biletlərin qiymətinə təsir göstərməyib.
"Biz sərnişinlərdən bu məsələyə anlayışla yanaşmalarını xahiş edirik. Çünki bu, təhlükəsizlik tədbirlərinin artırılması ilə əlaqdar həyata keçirilir", aviaşirkət bildirir.
Xatırladaq ki, Rusiyanın Xəzər üzərindən Suriya ərazisindəki hədəflərə uzunmənzilli raketlərlə zərbələr endirməsi beynəlxalq aviasiya təşkilatları və aviaşirkətlərin narahatlığına səbəb olub. Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (AAT) Xəzər dənizi, İran və İraq üzərindən hava daşımaları üzrə uçuşlar həyata keçirən aviaşirkətlərə xəbərdarlıq edib.