Accessibility links

Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına münasibət bildirib


Hikmət Hacıyev
Hikmət Hacıyev

Danışıqlar prosesində inhisarçı və özünü təcrid mövqeyindən çıxış edən Minsk Qrupu həmsədrlərinin Avropa Şurasının Parlament Assambleyasının müvafiq hesabatına və qətnaməsinə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə əlaqədar fundamental sənədlərinə münasibəti əslində onların digər beynəlxalq qurumlarla əməkdaşlığa nə dərəcədə “hazırlığı”nı bir daha göstərdi.

Bu sözlərlə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 12 noyabr tarixli açıqlamasına münasibət bildirib.

O xatırladıb ki, həmsədrlər öz açıqlamalarında münaqişənin həllinə maraq göstərən digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını iddia edir və münaqişə tərəfi olan Azərbaycan və Ermənistanın mövqeyi üzrə hakim və ya vəkil olmadıqlarını deyirlər.

Hacıyevin sözlərinə görə, həmsədrlərdən hakim və ya vəkil olmaq deyil, sadəcə danışıqlar prosesində münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsini əks etdirən BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının sənədləri, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin aidiyyəti qərarlarının icrasını təmin etmələri tələb olunur.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, bu sənədlər, xüsusilə BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələri münaqişənin həllinin hüquqi-siyasi əsaslarını təşkil edir.

"Xatırlatmaq istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə, həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nın müvafiq qətnamələrini, ATƏT-in Budapeşt sammitinin qərarlarını əsas götürməli, BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər.

İşğal və təcavüz faktı mövcud olduğu halda, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar tərəflərin qərar qəbul etməli olması haqqında bəyanatla çıxış etmək məsuliyyətdən qaçmaq və beynəlxalq ictimaiyyətin verdiyi mandat və etimada xilaf çıxmaqdan başqa bir şey deyildir. ATƏT-in Minsk qrupunun bu cür mövqeyi yalnız Ermənistanın maraqlarına xidmət edərək, Ermənistanın Azərbaycana qarşı işğalının davam etməsini və həmsədr ölkələrin dövlət başçılarının müvafiq bəyanatlarında qəbuledilməz və qeyri-davamlı hesab etdikləri mövcud status kvonun saxlanmasını təmin edir", o qeyd edib.

Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin 20 ildən artıq dövrü əhatə edən uğursuz fəaliyyətdən, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətinin gözündə etimadlarını itirmələrindən düzgün nəticə çıxarmalarının zamanı çoxdan yetişib.

“Azərbaycan münaqişənin həllinə həqiqətən töhfə vermək niyyətində olan beynəlxalq təsisatlarla təmaslarını davam etdirəcək və BMT Nizamnaməsinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək”, mətbuat xidmətinin rəhbəri qeyd edib.

ATƏT- in Minsk Qrupunun həmsədrləri noyabrın 12-də bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, həmsədrlər AŞPA-da hazırda müzakirə olunan qətnamə layihəsi və məruzə ilə bağlı bu qurumun Qarabağ münaqişəsinin nizamlanmasına olan diqqətini nəzərə alır.

“Biz insanların, o cümlədən mülki şəxslərin ölməsindən dərin təəssüf hissi keçiririk. Razılaşırıq ki, münaqişə xeyli müddətdir uzanır. Tərəflər dinc nizamlanmanı sürətləndirmək üçün zəruri tədbirlər görməlidirlər.

Biz əminik ki, nizamlanmaya nail olunmasına dair tədbirlər Fransa, Rusiya və ABŞ prezidentlərinin birgə bəyanatında qeyd edildiyi kimi tərəflərin qarşılıqlı razılığı əsasında olmalıdır.

ATƏT-in mandatına uyğun olaraq bizim vəzifəmiz dinc nizamlanmaya, əsasən hərtərəfli nizamlanma üçün danışıqların asanlaşdırılmasına yardım göstərməkdir.

Biz konkret mövqelər üzrə hakim və ya vəkil deyilik”, sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG