Accessibility links

Xızıda 20 kilometr diametrdə ərazi mərmilərdən təmizlənir


ANAMA
ANAMA

Avqustun 27-də Xızıdakı hərbi hissənin silah-sursat anbarında baş vermiş partlayışdan keçən 30 gün ərzində 10 199 ədəd partlamamış hərbi sursat (PHS), 4215 ədəd partlamış-yanmış sursat qalıqları və 17 475 kq yandırma aşkar edilərək götürülüb. Nəticə etibarilə 39 230 088 kv.m (3 923.01 ha) ərazi yoxlanılıb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə sentyabrın 26-da yayılmış rəsmi məlumatda deyilir.

ANAMA
ANAMA

ANAMA-nın Əməliyyat üzrə Meneceri Samir Poladov bu gün bildirib ki, Xızıdakı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində hətta sahil zolağına yaxın ərazilərə sursatların qəlpələri yayılıb.

“Xızıda partlayış baş vermiş ərazidə sursat və qəlpələrin yayılma dərəcəsi çox ağırdır. Hazırda 20 km diametrdə hərbi sursatları ərazilərdən təmizləyirik. Buna baxmayaraq, ərazi elə çirklənib ki, təmizlənməsi hələ uzun müddət davam edəcək”, o qeyd edib.

Baş nazirin müavini Abid Şərifov isə baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyanın hesablanığını bildirib.

Onun sözlərinə görə, gələn həftədən ziyan dəymiş evlərin bərpasına başlanacaq. Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”, Şərifov ziyanın manatla dəyərini ifadə etməyib.

Baş nazirin müavininin dediyinə görə, hadisə ilə bağlı yaradılmış dövlət komissiyası işini hələ yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.

Avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı Hərbi Prokuroluqda cinayət işi qaldırılıb, istintaq aparılır.

ANAMA-nın son məlumatına görə, sentyabrın 25-də yerli sakinlər tərəfindən məlumat əsasında Xızı rayonun Giləzi qəsəbəsi (Bakıdan 72 kilometr şimal) ərazisində 1 əkin sahəsinə və neft quyusunun ətrafına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 260 ədəd partlamamış hərbi sursat (PHS), 88 ədəd partlamış-yanmış mərmi qalıqları və 1191 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 108 500 kv.m (10.85 ha) ərazi yoxlanılıb.

XS
SM
MD
LG