Accessibility links

Xose Manuel Barrozu: Vacib odur ki, Azərbaycan öhdəliklərini yerinə yetirsin və siyasi, iqtisadi islahatları davam etdirsin


Xose Manuel Barrozu: Vacib odur ki, Azərbaycan öhdəliklərini yerinə yetirsin və siyasi, iqtisadi islahatları davam etdirsin
Xose Manuel Barrozu: Vacib odur ki, Azərbaycan öhdəliklərini yerinə yetirsin və siyasi, iqtisadi islahatları davam etdirsin

Avropa İttifaqı və Azərbaycan arasında enerji əməkdaşlığına, Cənub enerji dəhlizinin reallaşmasına dair mühüm və əsaslı qərarlar qəbul olunub.

Yanvarın 13-də prezident İlham Əliyevlə rəsmi və qeyri-rəsmi danışıqlar zamanı Avropa İttifaqı və Azərbaycan arasında enerji əməkdaşlığına, Cənub enerji dəhlizinin reallaşmasına dair mühüm və əsaslı qərarlar qəbul olunub. Bu barədə Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu Azərbaycana səfərinin yekunları ilə bağlı jurnalistlərlə söhbətində bildirib.
“Mən rəsmi və qeyri-rəsmi şəraitdə prezident Əliyevlə maraqlı söhbətlər etdim. Bunlar Cənub enerji dəhlizinə və ikitərəfli münasibətlərə aid idi. Mühüm qərarlar qəbul olundu”, - deyə Turan Agentliyi cənab Barrozuya istinadən vurğulayır.
Avropa Komissiyasının prezidentinin fikrincə, enerji layihələrinin reallaşması regionda sabitliyə müsbət təsir göstərəcək, ölkələrin iqtisadi inkişafına xidmət edəcək və Avropaya fasiləsiz enerji resurslarının nəqlini təmin edəcək.
Avropa Komissiyasının Azərbaycanda iqtisadi və digər islahatlar prosesini necə qiymətləndirməsilə bağlı sualın cavabında cənab Barrozu deyib ki, Azərbaycan bu sahədə konkret öhdəliklərə malikdir və onlar ikitərəfli sənədlərdə, həm də “Şərq tərəfdaşlığı” kimi proqramlarda əksini tapıb. “Biz, bu istiqamətdə bütün səyləri dəstəkləməyə və zərurət olduqca yardım göstərməyə hazırıq”.
“2011-ci ildə “Nabukko” layihəsindən nə gözləmək olar” sualının cavabında o deyib ki, siyasi qərarların və addımların qəbulu vacib məsələdir. “Lakin məsələnin kommersiya tərəfi də var. Bu, biznes layihədir və burada investorlar öz sözlərini deməlidir. Cənub dəhlizinin bir hissəsi olan Nabucco-nun reallaşması üçün çoxlu texniki və iqtisadi məsələlərin həlli tələb olunur”.
O, qazın tarifi və qiyməti ilə bağlı Bakı və Ankara arasında razılaşmanın əldə olunmasını mühüm nailiyyət adlandırıb. “Ümid edirik ki, qalan problemlər də bu cür uğurla həll olunacaq”.
“Cənab Barrozu Türkmənistana səfərindən nə gözləyir” sualının cavabında Avropa Komissiyasının rəhbəri deyib ki, söhbət Nabucco-dan və Transxəzər qaz kəmərindən gedəcək. “Biz bu layihələrin reallaşmasında və mövcud problemlərin həllində öz köməyimizi təklif edə bilərik”.

O ümidvar olduğunu bildirib ki, Türkmənistanda da danışıqlar uğurlu olacaq.

Avropa Komissiyasının prezidenti Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və müharibə nəticəsində dağıdılmış ərazilərin bərpasına, sülh sazişinin əldə olunmasına yardım göstərməyə hazır olduğunu bildirib. “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və nizamlanma prosesinin istədiyimiz kimi çevik getməməsi bizi narahat edir. Avropa Komissiyası ATƏT-in Minsk qrupunun səylərinə yardım göstərməyə hazırdır və sülh sazişi əldə olunduqdan sonra dağıdılmış ərazilərin bərpasında iştiraka hazırdır”.

Cənab Barrozu Avropa İttifaqının iki blogerin azadlığa buraxılmasını alqışladığını və tezliklə jurnalist Eynulla Fətullayevin də azad olunacağına ümid etdiyini bildirib.

O ölkədə demokratiyanın vəziyyətindən razı olub-olmaması barədə sualın cavabında deyib ki, mövzu ilə bağlı prezident İlham Əliyevlə açıq söhbət edib. “Vacib odur ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və siyasi, iqtisadi islahatları davam etdirsin. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır. Biz cəmiyyətdə siyasi sabitliyin təminatı ilə bağlı narahatlığı da yaxşı başa düşürük. Biz iki blogerin azadlığa buraxılmasından məmnunuq və məhkum jurnalist Eynulla Fətullayevin işini diqqətlə izləyirik, onun azadlığa buraxılmasını gözləyirik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG