Accessibility links

“Xural” qəzetinin həbsdə olan redaktorunun səhhətində problemlər yaranıb


Əvəz Zeynallı
Əvəz Zeynallı

Prokuror Əvəz Zeynallıya 11 il həbs istəyib. Beynəlxalq təşkilatlar jurnalisti vicdan məhbusu sayır

“Xural” qəzetinin həbsdə saxlanılan baş redaktoru Əvəz Zeynallı səhhətindəki problemlərlə əlaqədar Müalicə Müəsisəsinə köçürülməsi xahişi ilə Bakı istintaq təcridxanasının rəisinə müraciət edib. Bu barədə Zeynallının Hüquqlarını Müdafiə Komitəsinin məlumatında deyilir.

Xəbərdə bildirilir ki, Zeynallının kəskin ürək və baş ağrıları, nəfəs problemləri, şəkərli diabet əlamətləri var. Buna görə ciddi müalicə və müayinə zərurəti yaranıb.
Zeynallı həmçinin ombudsmanı ona baş çəkməyə və ona ixtisaslaşmış tibbi yardım göstərilməsinə köməklik etməyə çağırıb.

Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həmin vaxt deputat olan Gülər Əhmədovanın (hazırda özü fırıldaqçılığa görə həbsdədir) şikayəti əsasında həbs edilib.

Ə.Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 306 (məhkəmə qərarlarını icra etməmə) və 213-1-ci (vergidən yayınma) maddələri ilə ittiham olunur.
Jurnalist ittihamları təkzib edir və ölkə rəhbərliyini tənqid etdiyi üçün sifarişlə həbs eduildiyini bildirir. Baş redaktor həmçinin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınıb.

Prokuror məhkəmədən Zeynallını 11 il müddətinə azadlıqdan məhrum etməyi istəyib.

Fevralın 28-nə müdafiə tərəfin yekun çıxışı təyin edilib.
XS
SM
MD
LG