Accessibility links

Xəzər regionunda zəlzələ proqnozlaşdırılır


Xəzərdəki tektonik plitələr ildə 12 millimetr sürətlə yaxınlaşır ki, bu da orta hesabla Cənub Qafqaz üzrə iki dəfə çoxdur.

Massaçuset Texnologiya İnstitutunun (ABŞ) mütəxəssisləri Azərbaycan Elmlər Akademiyasından olan həmkarları ilə birlikdə ölkənin Xəzər sahili ərazisində tektonik fəallıqla bağlı araşdırma aparıblar. Onların gəldikləri nəticəyə görə, Bakı güclü zəlzələdən ziyan çəkə bilər. Bu barədə MDB-nin Mir televiziyası, o cümlədən çoxsaylı yerli media vasitələri məlumat yayıb.

Bu, demək olar ki, 1859-cu ildə baş vermiş güclü zəlzələnin təkrarı ola bilər. O zaman Şamaxı şəhəri tamamilə dağılmışdı. Sonra ölkənin əsas şəhəri Bakı oldu, Azərbaycan iqtisadiyyatı Abşeron neftinin işlənməsinin hesabına artdı.
İndi həmin hipotetik zərbəyə Bakı məruz qala bilər. Mütəxəssislər deyirlər ki, əgər kataklizm baş verərsə paytaxtın yerləşdiyi Xəzər sahilini əhatə edəcək.
Bakı yaxınlığında tektonik deformasiyanı ölçmək üçün GPS-datçiklərdən istifadə olunub, onlar hər 30 saniyədən bir siqnal ötürür. 10 il ərzində alimlər hər gün siqnalların hərəkətini izləyiblər. Onlar göstərib ki, Xəzər dənizinin altındakı tektonik plitələr ildə 12 millimetr sürətlə yaxınlaşır ki, bu da orta hesabla Cənub Qafqaz üzrə iki dəfə çoxdur.
Mütəxəssislər etiraf edirlər ki, aparılan araşdırmaların miqyasına baxmayaraq, regionda zəlzələnin mümkünlüyünü dəqiq söyləməyə imkan verən monitorinq stansiyası çatışmır. Bundan əlavə, təbii kataklizmlərdən müdafiə sistemini - neft kəmərlərini, neft hasilat stansiyalarını möhkəmləndirmək, həmçinin yaşayış və inzibati binaların tikintisində innovasiyalar tətbiq etmək lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov isə APA Agentliyinə bildirib ki, elmi tədqiqatların nəticəsinə əsasən, Azərbaycanda bir neçə yerdə hazırda gərginlik toplanılması gedir. Bu gərginlik toplanılması o deməkdir ki, yaxın 10 ildə və ya daha artıq müddətdə burada enerjinin toplanılması kritik həddə çata bilər. Belə bölgələrdən biri Zaqatala-Şəki zonası idi. Burada hadisələr gözlədiyimiz şəkildə davam etdi. İkinci yer isə məqalədə də göstərdiyimiz kimi Abşeronun cənubudur.
Abşeronun cənubunda enerji toplanılması müşahidə olunur. Amma burada dəhşətli hadisə olacağından söhbət getmir. Sadəcə olaraq evlərin tikilməsi, boru xətlərinin salınması zamanı deformasiyanın qarşısını almaq üçün aidiyyəti instansiyalara informasiya vermək xarakteri daşıyır. “Journal of Natural Hazards”da bizim bu tədqiqatlarımızın nəticələri əks olunub. Həmin tədqiqatlar Massaçusets Texnologiya İnstitutunun saytında da yerləşdirilib. KİV-lər isə bu məlumatlardan bildikləri kimi istifadə edir. Bu məlumatlar çox vaxt düzgün anlaşılmır, insanları çaşdırmağa yönəlir. Biz sadəcə olaraq, orada qeyd etmişik ki, horizontal hərəkətlər deformasiya proseslərini gücləndirib və enerji toplanılır. Bu deformasiya prosesləri Bakı-Tiflis-Ceyhan xəttinə də təsir edə bilər. Bu işin davamı kimi bp şirkətinin maliyyə dəstəyi ilə Geologiya İnstitutu bu deformasiyaların BTC-nin Azərbaycan hissəsinə təsirini öyrənir. Orada da müəyyən yerlərdə enerji toplandığını görürük və lazımi şəkildə xəbərdarlıq edirik. Çox təəssüf edirəm ki, bizim elmi cəhətdən apardığımız tədqiqat bu şəkildə çatdırılır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG