Martın 24-də Lerik rayonunda (Bakıdan 305 kilometr cənub) meşə massivində və Şabran rayonunun (Bakıdan 120 kilometr şimal) bələdiyyə torpaqlarında yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, yanğın Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisində baş verib.
Canlı qüvvə və texnika cəlb olunmasına baxmayaraq, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb. Nazirlik yanğının qarşısının alınması istiqamətində operativ tədbirlərin davam etdirildiyini bildirir.
Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhədindəki bələdiyyə torpaqlarında baş verən yanğının söndürülməsi üçün əraziyə canlı qüvvə cəlb olunub.
Nazirlik bildirir ki, güclü küləklə müşayiət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.