Accessibility links

Yaxın Şərqdə cümə namazından sonra insanlar küçələrə axışıblar


Yaxın Şərqdə Amerikada istehsal olunan İslam əleyhinə filmə qarşı zorakı etiraz aksiyaları vüsət aldıqca ABŞ bütün dünyada diplomatik korpuslarında təhlükəsizlik tədbirlərini gücləndirir.

Cümə namazından sonra Misir, Tunis, Livan və Sudanda insanlar küçələrə axışıblar. Səhər saatlarında Misir polisi Qahirədəki ABŞ səfirliyinin önünə toplaşmağa çalışan insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Ən çox zorakılıqlar ABŞ-ın Sudandakı səfirliyi qarşısında qeydə alınıb.

Bu həftə Misir və Liviyada başlamış nümayişlər Yəmən, İran, İraq və Banqladeş də daxil olmaqla bir çox müsəlman ölkələrinə yayılıb.

Region boyu yayılan etiraz aksiyalarının dördüncü günündə azı iki adamın həlak olduğu deyilir.

Bu arada Liviya rəsmiləri bu həftə ABŞ-ın Benqazidəki konsulluğuna hücumla bağlı 4 nəfəri saxlayıb. Xatırladaq ki, hücum nəticəsində ABŞ-ın Benqazidəki konsulu J. Kristofer Stevens və daha üç diplomat həlak olmuşdu.

Amerika kəşfiyyatı hücumda Əl-Qaidanın rolunun olması iddiasını araşdırsa da, tutarlı sübutun hələlik əldə olmadığı bildirilir.
XS
SM
MD
LG