Accessibility links

Yəmən danışıqları yenidən iflasa uğrayıb


Yəməndə siyasi böhranı həll etmək üçün BMT-nin sponsorluğu ilə keçirilən danışıqlar bu gün səhər bərpa olunsa da, tərəflər dərhal danışıqları tərk edib.

İslamçı və qəbilələrin maraqlarını müdafiə edən müxalif İslah partiyası və daha kiçik pan-Ərəb Nasirçi təşkilat paytaxt Sənadakı hoteldə keçirilən danışıqları tərk edərək bildiriblər ki, onlar Huti nümayəndəsi Mehdi Əl-Meşaatın təhdidlərinə məruz qalıblar.

Danışıqlar zorakılığın vüsət aldığı Ərəbistan yarımadası ölkəsində siyasi böhrana son qoymaq məqsədi daşıyır. Şiə Hutilər keçən ilin sentyabrında paytaxtı ələ keçirəndən sonra keçən həftə də hökumətə nəzarəti ələ alaraq parlamenti buraxıb və Qərbin dəstəklədiyi prezident Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətdən getməyə məcbur edib.

BMT baş katibi Ban Ki-Mun deyib ki, Hutinin hakimiyyəti ələ götürməsi və idarəçilikdə boşluqlar yaratması ilə vəziyyət ciddi şəkildə pisləşir. "Prezident Hadinin legitiminliyinin bərpası qaçılmazdır," deyə o bildirib.

Nasirçi partiyanın rəhbəri Abdulla Əl-Noman partiyasının danışıqlara geri dönməyəcəyini bildirib.

Tərəflər keçən cümə axşamı günü də danışıqlara cəhd etsə də, görüş yarımçıq dayanmışdı. BMT nümayəndəsi Camal Benomar ölkənin yol ayrıcında olduğunu bildirib və tərəfləri siyasi konsensus əldə etməyə çağırıb.

Yəməndə siyasi qarışıqlıq 2011-ci ildən bəri mövcuddur. O zaman nümayişçilər Ərəb Baharından ilhamlanaraq küçələrə çıxmış və prezident Əli Abdulla Salehi devirmişdi. Təhlilçilər deyir ki, devrilmiş lideri hazırda Hutiləri dəstəkləyir.

XS
SM
MD
LG