Accessibility links

Yəmən husiləri Qərb gəmilərini hədəf almaqda davam edir


Husi ordusunun sözçüsü Yəhya Sari
Husi ordusunun sözçüsü Yəhya Sari

Yəməndəki husi qüvvələri bazar günü Britaniya, ABŞ və İsrail gəmilərinə raket və pilotsuz təyyarələrlə hücum etdiklərini bildiriblər ki, bu, Qəzza müharibəsində fələstinlilərə dəstək məqsədilə gəmiçiliyə hücum kampaniyasının sonuncu olub.

İranla əlaqəsi olan qrup Qırmızı dənizdə Britaniya gəmisi və bir neçə ABŞ freqatlarına, Ərəbistan dənizi və Hind okeanında isə İsrail limanlarına doğru gedən iki İsrail gəmisinə hücum etdiyini bildirib.

Husi ordusunun sözçüsü Yəhya Sari televiziyaya verdiyi açıqlamasında hücumların təfərrüatlarını açıqlamadan əməliyyatların son 72 saat ərzində həyata keçirildiyini deyib.

Britaniya və ABŞ da husilərə cavab zərbələri endirib.

Birləşmiş Ştatların Mərkəzi Komandanlığının bildirdiyinə görə, şənbə günü ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan bölgəsində mobil yer-hava raket sistemini məhv edib.

ABŞ qüvvələrinin bəyanatında Qırmızı dənizdə bir pilotsuz uçuş aparatının da vurulduğu, eləcə də koalisiyaya aid gəminin gəmi əleyhinə bir raket aşkarladığını və məhv etdiyini vurğulayıb. Xəsarət və dağıntılar barədə məlumat verilməyib.

Britaniyanın "Ambrey" təhlükəsizlik şirkəti bazar günü Yəmənin Mukalla şəhərindən təqribən 188 km cənub-qərbdə, Ədən körfəzində bir gəmiyə hücum edildiyi barədə məlumat əldə etdiyini bildirib.

"Yaxınlıqdakı gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermələri tövsiyə olunub" - deyə, şirkət bildirib. Hücuma görə kimin cavabdeh olduğu bildirilməyib və əlavə təfərrüat verilməyib.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları Agentliyi isə bazar günü bir raketin Ədən körfəzində bir gəminin yanına düşdüyünü, lakin nə gəminin, nə də heyət üzvlərinin xəsarət aldıqlarını bildirib.

Forum

XS
SM
MD
LG