Accessibility links

Yəmənin paytaxtındakı yardım tədbirində yaranan təşviş 78 nəfərin ölümünə səbəb olub


Şahidlərin və husi üsyançı qrupu rəsmilərinin bildirdiyinə görə, Yəmənin paytaxtında çərşənbə günü axşam saatlarında yardım paylamaq üçün keçirilən tədbirdə güllə səsi və elektrik partlayışından qorxan izdihamın yaratdığı basırıqda azı 78 nəfərin ölümünə və azı 73 nəfərin yaralanmasına səbəb olub.

Hadisənin şahidi olan Əbdel-Rəhman Əhməd və Yəhya Mohsenin dediyinə görə, silahlı husilər izdihamı idarə etmək üçün havaya atəş açıb və görünür elektrik naqilinə dəyərək, partlayışa, bu isə çaxnaşmaya səbəb olub.

Sosial şəbəkələrdə yayılan videoda yerdə onlarla cəsəd, bəzilərinin hərəkətsiz, digərlərinin isə qışqırdığını görmək olub.

Husilərin idarə etdiyi Daxili İşlər Nazirliyinin məlumatına görə, Sənanın mərkəzindəki İçəri Şəhərdə, yüzlərlə yoxsulun tacirlərin təşkil etdiyi tədbirə toplaşdığı yerdə baş verib.

Nazirliyin sözçüsü Əbdel-Xaliq Əl-Əqri faciənin yerli hakimiyyət orqanları ilə razılaşdırılmadan, plansız şəkildə edildiyinə görə baş verdiyini deyib. Faciə müsəlmanların müqəddəs Ramazan ayının bu həftənin sonunda başa çatdığı Ramazan bayramı ərəfəsində baş verib.

Sənadakı Əl-Tovra xəstəxanasının direktor müavini Həmdan Bageri televiziyaya verdiyi şərhdə faciənin yerli vaxtla saat 20:20 radələrində baş verdiyini və xəstəxanaya azı 73 yaralının gətirildiyini bildirib.

Üsyançılar tez bir zamanda tədbirin keçirildiyi məktəbi bağlayıb və jurnalistlər də daxil olmaqla, insanların yaxınlaşmasına mane olub.

Daxili İşlər Nazirliyi iki təşkilatçının saxlanıldığını və araşdırma aparıldığını bildirib.

Yəmənin paytaxtı 2014-cü ildə şimaldakı istehkamlarından çıxaraq, beynəlxalq səviyyədə tanınan hökuməti devirən İranın dəstəklədiyi husilərin nəzarəti altındadır.

XS
SM
MD
LG