Accessibility links

Yusuf Kor: İrana federalizm, Türkmənsəhraya siyasi status istəyirik


Yusuf Korun dediklərinə görə, İranda türkmənlər Türkmənsəhra bölgəsində yerli hakimiyyətlərinin bərpası istiqamətində təqribən bir əsrdir mücadilə edirlər.

Yusuf Kor Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:40 0:00

“Türkmənsəhra Arxlaşma Şurası” təşkilatının idarə heyəti üzvü Amerikanın Səsi ilə müsahibədə İranın müasir tarixində türkmənlərin bərabər hüquqlar uğrunda apardıqları siyasi mücadiləni, habelə türkmən icmasının hazırkı tələblərini şərh edib.

2018-ci ilin qışında İranda xalq hərəkatı başlandı və insanlar şəhərlərdə küçəyə çıxdılar. Ondan sonra biz birləşməyi bu dönəmin bizdən bir tələbi kimi gördük.

Yusuf Korun mənsub olduğu Türkmənsəhra Arxalaşma Şurası İranda iqtisadi vəziyyət və bahalığa etiraz olaraq baş qaldıran kütləvi aksiyalardan sonra türkmənlərin üç mədəni-siyasi təşkilatının birləşməsi ilə yaranıb.

“2018-ci ilin qışında İranda xalq hərəkatı başlandı və insanlar şəhərlərdə küçəyə çıxdılar. Birinci dəfə idi ki, İran İslam Respublikası hakimiyyətinin getməsi tələb edildi. Ondan sonra biz birləşməyi bu dönəmin bizdən bir tələbi kimi gördük. Bu tələbə cavab olaraq üç təşkilat ittifaq edib və daha aktiv hərəkətə keçmək üçün bu şuranı yaratdıq,” türkmən fəal söyləyir.

Arxlaşma Şurası “Türkmən Kültür və Siyasət Qurumu”, “Türkmən Milli Demokratik Hərəkatı” və “Türkmən Araşdırmaları Mərkəzi” təşkilatları, habelə bir qrup türkmən siyasi fəalın iştirakı ilə təsis edilib.

Yusuf Korun sözlərinə əsasən, “Şura” İranda demokratiya, insan haqları və bərabərlik təməlində federal idarəetmə sisteminin inşası, həmçinin Türkmənsəhraya siyasi status əldə edilməsi uğrunda mübarizə aparır.

İranda bərabər hüquqları təmin edən bir sistem tələb edirik ki, öz müqəddəratını təyin etmə haqqı türkmənlərə də şamil olsun. Biz demokratiya və insan haqları əsasında federalizm istəyirik.

“Şuranın əsas hədəfi türkmənləri İranda bir milli azlıq kimi, bir millət kimi gündəmdə tutmaq və digər millətlər ilə əməkdaşlıq etməkdir. İranda bərabər hüquqları təmin edən bir sistem tələb edirik ki, öz müqəddəratını təyin etmə haqqı bizə də şamil olsun. Biz demokratiya və insan haqları əsasında federalizm istəyirik,” deyə siyasi fəal ifadə edir.

Türkmənlər Gülüstan, Quzey Xorasan və Rəzəvi Xorasan vilayətlərinin bir çox bölgələrində yaşayırlar. Türkmənlərin əksəriyyətdə olduğu bu bölgəni həm türkmənlər, həm də qonşu xalqlar Türkmənsəhra olaraq tanıyırlar. Lakin Türkmənsəhra adı İranın inzibati bölgüsündə mövcud deyil.

Yusuf Korun söylədiklərinə görə, Türkmənsəhra müxtəlif dönəmlər, o cümlədən Məşrutə dövrü və 1979 İslam İnqilabından sonra siyasi statusa sahib olub və türkmənlər tərfindən idarə edilmişdir.

“Məşrutə İnqilabından sonra İrana ilk dəfə olaraq konstitusiya gəldi və orada ‘Əyalət və Vilayət Əncümənləri’-nin qurulmasına icazə verildi. Türkmənlər 1919-da bu imkandan faydalanıb və öz bölgələrində yerli hakimiyyət yaradıblar. Lakin Rza Şahın Qacar sülaləsinə qarşı çevrilişindən sonra Rza Şah bu muxtariyyəti qaldırır və Türkmənsəhraya qoşun göndərir. Türkmənlər bunun müqabilində cümhuriyyət elan edirlər... Türkmən höküməti 1925-də devrilir.”

Türkmənlər ikinci dəfə 1979 inqilabından sonra öz bölgələrində yerli hakimiyyət yaratdılar. Yəni biz qoşa-hakimiyyət qurduq. Bu 1980-ci ilin fevral ayına qədər davam etdi.

Yusuf Kor həmçinin 1979 İslam İnqilabından sonra Türkmənsəhrada təşki edilən və bölgənin idarəsini ələ keçirən “Fəhlə-Kəndli Şuraları”-na diqqət çəkir.

“Türkmənlər ikinci dəfə 1979 inqilabından sonra öz bölgələrində yerli hakimiyyət yaratdılar. Yəni biz qoşa-hakimiyyət qurduq. Bu 1980-ci ilin fevral ayına qədər davam etdi..” - deyə, türkmən fəal qeyd edir.

Yusuf Kor Türkmən Şuraları koordinasiya mərkəzinin təsisçilərindən olub.

1979-80 illərində fəaliyyət göstərmiş Türkmənsəhra Şuraları koordinasiya mərkəzinin binası
1979-80 illərində fəaliyyət göstərmiş Türkmənsəhra Şuraları koordinasiya mərkəzinin binası

Türkmən şuraları 1980-ci ilin ilk aylarında Tehran qüvvələrinin hücumu ilə qanlı şəkildə dağıdılıb.

Beynəlxalq insan haqları qurumları sünni-hənəfi məzhəbinə mənsub olan türkmənlərin İranda həm dini, həm də etnik müstəvilərdə ayrıseçkiliyə məruz qaldıqlarını bildirir.

XS
SM
MD
LG