Accessibility links

Zəncan bələdiyyə başqanı dörd gündür həbsdədir


Məsihüllah Məsumi

Zəncan bələdiyyə başqanı daxil olmaqla vilayət bələdiyyəsində korrupsiya dosyesi ilə əlaqədar tutulanlar haqqında təhqiqatın davam etdiyi bildirilir.

Zəncan vilayətinin baş prokuroru Höccətül-İslam İsmayıl Sadıqinin bildirdiyinə görə, dekabrın 29-da nəzarət altına alınan Zəncan bələdiyyə başqanı Məsihüllah Məsumi həmçinin Zəncan şəhər şurasının bir üzvü və Zəncan şəhər məntəqələrindən birinin bələdiyyə başqanının həbsi davam edir.

Höccətül-İslam Sadıqi həmçinin deyib ki, “Zəncan vilayətində korrupsiya ilə mübarizə ilə bağlı yaxşı xəbərlərimiz var. Sadəcə bələdiyyə deyil, digər qurumlar haqqında da korrupsiya dosyeləri mövcuddur.”

Son bir neçə ildə İranın müxtəlif bələdiyyələrində korrupsiya ittihamı ilə əlaqədar həbs xəbərləri yayılır.

2016-cı ildə Təbriz Bələdiyyəsində korrupsiya dosyesi ilə bağlı onlarla bələdiyyə müavini, müdir və şəhər şurası üzvünün saxlanılması ilə əlaqədar xəbərlər uzun müddət medianın gündəmində qaldı.

İran bələdiyyələrində korrupsiya hallalarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.

İnqilab Keşikçiləri Korpusuna (Sepah) bağlı şirkətlər, habelə birbaşa İranın ali ruhani lideri Seyyid Əli Xameneyinin nəzarətində olan qurumlar ilə əlaqədar korrupsiya xəbərləri davamlı şəkildə sosial şəbəkələr və xaricdə fəaliyyət göstərən mediada yayılır. Lakin İran daxilində fəaliyyət göstərən media qurumları bu növ xəbərləri əks etdirmirlər.

XS
SM
MD
LG