Accessibility links

Vəkil: Həbsxanada 39 gündür aclıq edən Zamin Salayevə həkim nəzarəti yoxdur 


Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)
Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 39 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

"Zamin Salayev 26 kiloqram arıqlayıb. Qan təzyiqi 80/50-dir. Böyrəklərində və ürəyində ağrılar hiss edir. Ağrılardan əziyyət çəkir. Buna baxmayaraq aclığı davam etdirməkdə israrlıdır”, vəkil Nemət Kərimli martın 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevlə görüşündən sonra Amerikanin Səsinə deyib.

Vəkil: Həbsxanada 39 gündür aclıq edən Zamin Salayevə həkim nəzarəti yoxdur
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Vəkilin dediyinə görə, Zamin Salayev 39 gündür aclıq etməsinə baxmayaraq, ona həkim nəzarəti yoxdur.

“Səhhətinin ağır olmasına baxmayaraq hələ də həkimlər onu müayinə etməyib. O hələ də təcridxananın tibb-sanitar hissəsinə köçürülməyib”.

Kərimlinin sözlərinə görə, martın 17-də Ombudsman Aparatının nümayəndələri Zamin Salayevlə görüşüb.

“Ombudsman ötən dəfə görüşün nəticəsi olaraq Zamin Salayevə qarşı münasibətlə bağlı Penitensiar Xidmətə və prokurorluğa müraciət edib. Lakin müraciətə hələ cavab verilməyib və Salayevə qarşı münasibət dəyişməyib”.

Vəkil artıq iki dəfə təcridxananın rəhbərliyi ilə görüşərək Salayevin durumu ilə bağlı məlumat verib.

“Təcridxananın rəhbərliyi bildirir ki, aclıq etmək onun hüququdur. Yalnız koma vəziyyətinə düşərsə onu məcburi qidalandıracaqlar”, o qeyd edib.

Vəkil deyib ki, Zamin Salayev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəz edilməsi barədə Qaradağ rayon Məhkəməsinə neçə gün əvvəl vəsatət verməsinə baxmayaraq, hələ də vəsatətə baxılmayıb.

Öz növbəsində Penitensiar Xidmətdən fəalın səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, ombudsmanın tapşırığı ilə martın 17-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkmə olub.

“Zamin Salayev konfidensial şəraitdə Ombudsmanın nümayəndələri tərəfindən qəbul olunub. Ombudsmanın mandatı çərçivəsində lazımi tədbirlər görüləcək. Ötən dəfə də qeyd etdiyimiz kimi, aidiyyatı qurumlara sorğu göndərilib. Aiddiyatı qurumlardan cavab alan kimi müvafiq məlumat yayılacaq”, Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Amerikanın Səsinə bildirib.

Xatırladaq ki, martin 11-də Ombdusmanın nümayəndələri Zamin Salayevlə görüşüb və Penitensiar Xidmətin rəhbərliyinə, prokurorluğa müraciət edildiyini bildirib. Məbuat xidməti Ombudsman Aparatının hələ bu qurumlardan cavab alınmadığını deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli martın 17-də bildirib ki, ağır ürək xəstəsi olan adam heç bir tibbi xidmət göstərilmədən 39 gün aclığı davam etdirirsə, hər gün həyatını itirə bilər.

“Xalqımızı çoxdan hesabdan siliblər, xalqla hesablaşmırlar. Fikirləşirlər ki, dünyanın başı qlobal problemlərə qarışdığından Zamin bəyin bu şəkildə öldürülməsinə adekvat reaksiya verməz. Ancaq çox yanılırlar. Əvvəla, təkcə Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi göstərdi ki, dünyanın başı qarışıq olsa da, Rusiyanın zəifləməsi imkan yaradıb ki, beynəlxalq təşkilatlar daha idealist davransınlar. Avropa Birliyi parlamentinin Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı sanksiya tətbiqinə çağırışı bu sanksiyaların ayaq səsləri sayılmalıdır. İkincisi və daha vacibi, Zamin Salayev ölkə miqyaslı siyasətçi olmasa da, xalqımız onu tanıyır. Həm də xalqın bağrından çıxmış, cəsarətlə həqiqətləri deyən, hüququ pozulan hər bir azərbaycanlı üçün sinəsini qabağa verən mərd bir insan kimi tanıyır. Xalqımız bilir ki, Zamin bəyin hər hansı siyasi ambisiyası da yoxdur, mübarizəsində çox səmimidir. Tanımadığı bir azərbaycanlı qadını qorumağa çalışdığı üçün şərlənərək həbs olunmuş, namus məhbusluğu yaşamış bir qeyrətli azərbaycanlıdır. Əmin olun ki, belə bir adamın həbsxanada öldürülməsini bu xalq sizə bağışlamaz. Başınıza bəla açmayın, Zamin bəyi azad edin”, AXCP sədri facebook səhifəsində yazıb.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar", Salayev fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG