Accessibility links

37 gündür aclıq edən AXCP fəalının tez-tez huşunu itirdiyi bildirilir


Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)
Zamin Salayev (Arxiv foto. Mənbə: VOA)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayev 1 saylı Bakı İstintaq Təcridxanasında 37 gündür aclıq edir. Salayev şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

"Atamın səhhəti çox ağırlaşıb. O, artıq gəzə bilmir. Son günlər 5 dəfə huşunu itirərək yıxılıb. Kamera yoldaşları güclə ayılda bilib. Qara ciyəri kəskin şəkildə şişib. 26 kiloqram çəki itirib. Atam şəkər xəstəsidir, ürəyində stent var. Bu günədək həkim nəzarəti yoxdur. Onu nə həkim müayinə edir, nə də təcridxananın tibb-sanitar hissəsinə köçürməyiblər", martın 15-də atası ilə telefon danışığından sonra Salayevin oğlu Oqtay Salayev Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, atası ilə görüşə də icazə vermirlər.

Oqtay Salayev atası ilə görüşə imkan verilməməsi barədə Ədliyyə Nazirliyinə şikayət göndərdiyini deyib.

"Ədliyyə Nazirliyindən hələ cavab almamışam", o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmətdən fəalın səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ombudsman Aparatının Mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, ombudsmanın tapşırığı ilə martın 11-də 1 saylı Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkmə olub.

"Zamin Salayev konfidensial şəraitdə dinlənilib. Onun məsələsi ilə bağlı Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət olunub", Ombudsman Aparatının Mətbuat xidmətinin rəhbəri Emil Şahzadə Amerikanın Səsinə deyib.

Oqtay Salayev bu gün Amerikanın Səsinə deyib ki, ombudsmanın müraciətlərinə baxmayaraq, atasına qarşı münasibətdə hər hansı dəyişiklik baş verməyib.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunsa, fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

"Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar" , Salayev fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG