Accessibility links

Türkiyə ABŞ hökumətinə türkiyəli-iranlı biznesmen Reza Zərrabla bağlı sorğu göndərib


Türkiyə ABŞ hökumətinə türkiyəli-iranlı biznesmen Reza Zərrabla bağlı sorğu göndərib. Zərrab bu ay Birləşmiş Ştatlarda məhkəmə qarşısına çıxarılacaq. O, ABŞ-ın İrana sanksiyalarını pozmaqda ittiham olunur.

Vaşinqtondakı səfirliyimiz ABŞ hakimiyyətindən rəsmi informasiya istəyib, ancaq hələlik, cavab almayıb

Ötən həftə ABŞ Federal Məhkumlar Bürosu vebsaytında 34 yaşlı Zərrabı noyabrın 8-də həbsxanadan buraxılmış kimi göstərib. Ancaq ABŞ prokurorları bunun səhv olduğunu, Zərrabın həbsdə qaldığını bildiriblər.

“CAVAB ALMAMIŞIQ

“Vaşinqtondakı səfirliyimiz ABŞ hakimiyyətindən rəsmi informasiya istəyib, ancaq hələlik, cavab almayıb. Məsələni izləyəcəyik”, – nazirlik noyabrın 15-də deyib.

Türkiyə liderləri davamlı olaraq Zərrabın azadlığa buraxılmasını istəyiblər. Onun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hökuməti ilə sıx əlaqələri var.

Ərdoğan və Türkiyənin digər liderləri bu məsələni birbaşa Ağ Evlə qaldırıblar.

Medianın ötən həftə yazdığına görə, ABŞ-ın xüsusi prokuroru Robert Müller Zərrabla bağlı bir məsələni araşdırır – Türkiyə rəsmilərinin Zərrabın buraxılması, eləcə də Fətullah Gülənin deportasiyası üçün keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnə 15 milyon dollar verməyi müzakirə etməsini. Ərdoğan ABŞ-da yaşayan Güləni ötən il Türkiyədə çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülən ittihamları rədd edir.

Ötən ilin martında ABŞ-da saxlanmış Zərrab bu il Nyu-Yorkun keçmiş meri Rudi Culianini özünə vəkil tutub. O, ABŞ prezidenti Donald Trampın yaxın dostudur və Zərrabın siyasi və diplomatik kanallarla buraxılmasına nail olmaqdan ötrü ABŞ hakimiyyəti ilə danışıqlar aparır.

“İNFORMASİYA DOĞRU DEYİL”

Zərrabla vəkilləri məhkəmənin hazırlıq konfransına qatılmayıblar. Bu da onun buraxılması ila bağlı sövdələşmənin əldə olunması sarıdan spekulyasiya yaradıb. Ancaq Menhettende prokuror vəzifəsini icra edən Kim-Konun sözçüsü noyabrın 14-də deyib ki, Zərrab həbsdədir.

“Zərrabın buraxılması ilə bağlı informasiya doğru deyil”, – vəkili Şeyda Yıldırım Türkiyənin “Hurriyyet” qəzetinə deyib.

“Ola bilsin, başqa bölməyə keçirilib. Beş gündür bu barədə məlumat ala bilmirik”, - Yəldırım söyləyib.

Reza Zərrab
Reza Zərrab

​“Hurriyet”in yazdığına görə, Türkiyə diplomatik notasında ABŞ hakimiyyətindən Zərrabın hansı həbsxanada saxlanmasına dair informasiya, onun sağlamlıq və təhlükəsizliyinə zəmanət istəyib.

Məhkəmə noyabrın 27-də başlamalıdır. Zərrab İrana sanksiyalardan yayınmağa kömək etmədiyini deyir. Ərdoğan isə ABŞ prokurorlarını günahlandıraraq, onun və xanımının adının məhkəmə sənədlərinə salınmasında “gizli motivlər” olduğunu deyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG