Bosniya xorvatlarının sabiq hərbi komandiri Slobodan Praljak Beynəlxalq Haaqa Məhkəməsinin zalında zəhər içdikdən sonra ölüb. O, bu əmələ hakimin ona 20 illik həbs cəzası tətbiq etməsindən dərhal sonra əl atıb. Praljak ölməmişdən əvvəl “mən müharibə cinayətkarı deyiləm” - deyə, bağırıb.
Hakimin məhkəmə iclasını dayandırıb, həkimlər çağırılıb. Bir saatdan çox sürən müayinəsindən sonra müttəhim zəhər içdiyini bildirib.
Bu, BMT tribunalının Yuqoslaviynın parçalanması zamanı törədilmiş hərbi cinayətlərlə bağlı son hökmüdür.
Keçmiş etnik xorvat lideri Jadranko Prlic və daha beş nəfərlə bağlı apellyasiya qərarı ilə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Məhkəməsi (ICTY) 20 illik fəaliyyətini sona çatdırır.
Bir həftə öncə hakimlər Bosniyanın keçmiş serb komandiri Ratko Mladiçi ömürlük həbsə məhkum edib.
1992-95-ci illər müharibəsində əsasən Bosniya müsəlmanları ilə serblər savaşsa da, müsəlmanlarla xorvatlar arasında da toqquşmalar olub.
Prlic 25, digər təqsirləndirilənlərsə 10-20 illik cəzalarından apellyasiya şikayəti vermişdilər. Onlar qətl, işgəncə, zorlama, əmlakın dağıdılması, dinc sakinlərin terrorizə edilməsində təqsiri biliniblər.
Praljaka 1993-cü ilin noyabrında Mostar şəhərində 16-cı əsrə aid körpünün dağıdılmasını əmr etmək ittihamı da verilib. Körpü 2004-cü ildə bərpa olunub.
Bosniya müharibəsində 100 minədək adamın öldüyü, 2,2 milyon nəfərin didərgin düşdüyü bildirilir.