Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü BMT Baş Assambleyasının 79-cu sessiyasının iştirakçıları qarşısında çıxış edib.
Onun çıxışının mərkəzdə Kremlin Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi və ona necə son qoyulması dayanıb.
“Bu müharibəni bitirməyi dünyada hamıdan çox Ukrayna istəyir”, Zelenski vurğulayıb.
"Ukrayna xalqı bu müharibənin tam ağrısını öz üzərində hiss edir" - deyə, Ukrayna prezidenti izah edib.
O, müttəfiqlərinə göstərdikləri dəstəyə görə təşəkkür edərək, “Ukraynasız ədalətli dünyanın ola bilməyəcəyini” vurğulayıb.
Zelenski çıxışı zamanı Putinin Ukraynanın atom elektrik stansiyalarına və enerji infrastrukturuna hücum etməyi planlaşdırdığı barədə xəbərdarlıq edib.
“Biz nüvə təhlükəsizliyini bərpa etməliyik; enerji silah kimi istifadə edilməməlidir” - deyə, Ukrayna lideri vurğulayıb.
Münaqişənin həlli üçün bu gün irəli sürülən alternativ planlara (xüsusən də Braziliya və Çin tərəfindən) toxunaraq, o qeyd edib ki, bu təşəbbüslər “müharibəni davam etdirmək üçün Putinə siyasi imkanlar verir” və BMT-nin üzvü olan ölkələri Ukraynanın sülh planını dəstəkləməyə çağırıb. Zelenski vurğulayıb ki, Braziliya və Çinin əsl maraqları sülhü təşviq etməkdir.
“Siz Ukrayna hesabına güclənə bilməzsiniz”, o bildirib.
Zelenskinin Baş Assambleyadakı çıxışının məqsədi ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində beynəlxalq ictimaiyyətin Ukraynaya davamlı dəstəyini təmin etmək istəyi olub.
Bir il əvvəl Baş Assambleyanın əvvəlki sessiyasında çıxış edən Zelenski Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayan Rusiyaya beynəlxalq təzyiq göstərməyə çağırıb.
Bu gün Ukrayna Rusiya qoşunlarının ölkənin şərqində irəliləməsi ilə bağlı yeni problemlərlə üzləşib. Bu arada ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Vaşinqtonun Kyivə dəstəyini azaltmaqla hədələyir.
Çərşənbə axşamı Tramp təkrarlayıb ki, seçilərsə, müharibəni tez bitirəcək. Çərşənbə günü Respublikaçılar Partiyasından prezidentliyə namizəd Zelenskini "Yer üzünün ən böyük satıcısı" adlandırıb.
"Zelenski hər dəfə ABŞ-a gələndə 100 milyard dollarla gedir. Əgər prezident olmasam, biz hələ də bu müharibədə ilişib qalacağıq. Məqsədimə çatacam. Danışıqlara nail olacam, çıxacam. Biz (müharibədən) çıxmalıyıq", Tramp deyib.
Zelenski prezident Baydenə “qələbə planını” təqdim etmək üçün cümə axşamı Vaşinqtona gedəcək.
Bundan əvvəl Ukrayna prezidenti ABŞ-da olduğu müddətdə Trampla da görüşəcəyini bildirmişdi.
“Mənə elə gəlir ki, Tramp müharibəni necə dayandıracağını bilmir, hətta bunu necə edəcəyini bildiyini düşünsə belə”, Zelenski “The New Yorker”ə müsahibəsində deyib.
Trampın seçki kampaniyasının rəsmisi çərşənbə axşamı bildirib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizədin bu həftə Zelenski ilə görüşü planlaşdırılmayıb.
Forum