Accessibility links

Zelenski Ukraynaya beynəlxalq dəstəyi gücləndirmək üçün İsveçrəyə gedib


Volodimir Zelenski və İsveçrənin xarici işlər naziri İqnazio Kassis
Volodimir Zelenski və İsveçrənin xarici işlər naziri İqnazio Kassis

Ukrayna Rusiyaya qarşı müharibəsinin ikinci ildönümünə yaxınlaşdığı bir vaxt müttəfiqlərin sabit dəstəyini təmin etməyə çalışan Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi İsveçrəyə gedib.

Prezidentin bazar günü açıqladığı bəyanatında Zelenskinin "parlamentin hər iki palatasının rəhbərləri, partiya liderləri və İsveçrə prezidenti ilə görüşəcəyi, Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməli olacağı" deyilib.

"Davosda Avropa İttifaqı və NATO nümayəndələri ilə Avro-Atlantik inteqrasiyamızı inkişaf etdirmək, eləcə də Ukraynanın müdafiə və iqtisadi dayanıqlığını gücləndirmək üçün digər liderlər və icraçı direktorlarla mühüm ikitərəfli görüşlər keçirəcəyəm" - deyə, Zelenski İsveçrəyə çatdıqdan sonra X səhifəsində bildirib.

Onun səfəri Fransa və Almaniyanın Rusiya ilə müharibəsində Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləmələrindən sonra baş tutub.

Fransanın xarici işlər naziri Stefan Sejorn bazar günü Almaniyanın xarici işlər naziri Annalina Berbok ilə birlikdə Berlində jurnalistlərə "Biz tam razıyıq, lazım olduğu müddət ukraynalıları dəstəkləməliyik" deyib.

Berbok deyib ki, onlar "lazım olduğu qədər, Rusiya Ukrayna ərazisindən çəkilənə qədər" Ukraynanın yanında olacaq.

Sejornun Almaniyaya səfəri onun Zelenski ilə görüşmək üçün Kyivə getməsindən bir gün sonraya təsadüf edib ki, bu da onun xarici işlər naziri kimi yeni vəzifəsində ilk rəsmi səfəri olub.

Britaniyanın Baş naziri Rişi Sunak bir gün əvvəl, cümə günü Ukraynaya səfər edərək, təcavüzə məruz qalan ölkəyə yeni yardım paketini açıqlayıb.

Lakin Brüssel və Vaşinqtondan böyük maliyyə yardımı siyasi səbəblərə görə dayandırılıb.

Avropa İttifaqı fevralın 1-də Macarıstan lideri Viktor Orbanın dekabr ayında veto qoyduğu Ukraynaya 50 milyard avroluq yardım paketi üçün iclas keçirməlidir.

Forum

XS
SM
MD
LG