Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü sənayeləri inkişaf etmiş aparıcı "Böyük Yeddilər" (G7) qrupunun liderlərinin virtual görüşü zamanı çıxış etməyə hazırlaşır.
Zelenskinin Rusiyanın işğalı başlayandan bəri, təxminən iki il ərzində onlarla ölkənin Ukraynaya hərbi və humanitar dəstək verməsindən sonra liderlərə ölkəsindəki vəziyyətlə bağlı məlumat vermək imkanı olacaq.
Dekabrın 6-da keçirilən görüş Zelenskinin ABŞ Senatının üzvləri ilə davamlı hərbi dəstəklə bağlı video çıxışını ləğv etməsindən bir gün sonraya təsadüf edir.
Senat çoxluğunun lideri Çak Şumer mətbuat konfransında "Yeri gəlmişkən, Zelenski bizim brifinqimizə çata bilmədi - son anda nəsə oldu" deyib.
Şumer bildirib ki, Zelenskı məxfi brifinqdə video vasitəsilə danışmağa dəvət edilib ki, olanlar "nəyin təhlükədə olduğunu birbaşa ondan eşitsinlər" və qanunvericiləri Ukraynaya milyardlarla dollarlıq yeni yardımı nəzərdə tutan qanun layihəsinə səs verməyə sövq etsinlər.
İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanq bazar ertəsi Konqres liderlərinə göndərdiyi məktubda ilin sonuna qədər Birləşmiş Ştatların Ukraynaya silah və yardım göndərmək üçün vəsaitinin olmayacağı barədə xəbərdarlıq edib. Ukrayna "mübarizəni davam etdirə bilməyəcək" deyən Yanq, ABŞ-ın Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün də pulunun tükəndiyini qeyd edib.
ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə deyib ki, bizim "pulumuz da tükənir və demək olar ki, vaxtımız da bitir."
"Ukraynanın dəstəklənməsinə qarşı səsvermə [Rusiya prezidenti Vladimir] Putinin strateji mövqeyini yaxşılaşdırmaq üçün səsvermə deməkdir" - deyə, Sallivan bildirib.
Oktyabr ayında Bayden administrasiyası Konqresdən Ukrayna, İsrail və ABŞ sərhədlərinin təhlükəsizliyi ilə bağlı iddialı planları maliyyələşdirmək üçün təxminən 106 milyard dollar istəyib.
Lakin Ukraynanın maliyyələşdirilməsi siyasi baxımdan mübahisəyə səbəb olub. Belə ki, Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasında bəzi sağ təmayüllü qanunvericilər yardımın ABŞ-ın maraqlarına uyğun olmadığını iddia edərək, əlavə yardıma qarşı çıxıb.
Forum