Prezident Volodimir Zelenski dekabrın 14-də Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən sammitində iştirak edən liderləri 27 üzvlü bloku Kyivin təşkilata üzvlük danışıqlarına yaşıl işıq yandırmasına çağırıb. O, bunun əleyhinə səsvermənin ukraynalıların Avropa xəyallarına "xəyanət" olacağını və Ukraynaya qarşı təcavüzündə Rusiyanı cəsarətləndirəcəyini deyib.
Sammitdə Aİ liderləri ilə Macarıstanın baş naziri Viktor Orban arasında həm Ukrayna ilə üzvlük danışıqlarına başlanması, həm də Kyivə çoxmilyardlıq yardım paketinin təsdiqlənməsinə qarşı çıxması ilə bağlı toqquşmalar üstünlük təşkil edəcək.
"Bu gün sizdən bir şey xahiş edirəm - xalqa və onların Avropaya olan inamına xəyanət etməyin" - deyə, Zelenski videobağlantı vasitəsilə liderlərə müraciətində bildirib və əlavə edib ki, blokun Kyivlə danışıqlara başlamasına qarşı olan qərar yalnız Rusiya və prezident Vladimir Putinin xeyrinə olacaq.
"Moskva Brüsseldən Ukraynaya qarşı neqativ qərar alsa, bunun Avropadakı insanlara heç bir faydası olmayacaq. Putin bundan şübhəsiz ki, şəxsən sizə və bütün Avropaya qarşı istifadə edəcək" - deyə, Zelenski xəbərdarlıq edib.
Lakin belə görünür Orban zirvə toplantısına qərarlı gəlib.
İyun ayında keçiriləcək Avropa Parlamentinə seçkilərə açıq-aydın istinad edən Orban sammitə gələrkən, "Hazırda Ukraynanın üzvlüklə bağlı danışıqlar aparmaq üçün heç bir səbəbi yoxdur. İlkin şərtlər yerinə yetirilməyib. Biz buna daha sonra qayıtmalıyıq" deyib.
Putinlə münasibətləri yaxşı olan Orban Ukraynaya 50 milyard avroluq (54 milyard dollar) maliyyə yardımı paketinin əleyhinədir. O, eləcə də keçən ilin iyun ayında Moldova ilə birlikdə Avropa İttifaqına namizəd statusunu alan Ukrayna ilə üzvlük danışıqlarına başlamağın əleyhinədir.
Avropa Şurası Orbanın fikrini dəyişdirmək üçün son cəhdini edəcəyini, Avropa Komissiyasının sədri Ursula Von der Leyen, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun sammitdən əvvəl Macarıstan lideri ilə görüşəcəyini bildirib.
Zelenski iqtisadiyyatının gələn il də ayaqda qalması üçün Avropa İttifaqının maliyyə yardımına ehtiyacı olan ölkəsinin təcavüzkar Rusiya qüvvələrinə qarşı müharibədə iştirak etməsinə baxmayaraq, tapşırığını yerinə yetirdiyini və lazımi meyarlara cavab verdiyini deyib.
Forum