Zimbabvenin yeni prezidenti Emmerson Mnanqaqva kabinet üzvlərini təyin edib. Bu təyinatların elanı cümə axşamı gecə saatlarında dövlət televiziyası tərəfindən yayımlanıb.
Müxalifət nümayəndələri 22 nəfərlik kabinetə daxil edilməyib və bununla Rober Muqabenin istefasından sonra yeni iqtidarın daha inklusiv siyasi mühit yaradacağı ilə bağlı ümidli olanları məyus edib.
Afrikanın cənub ölkəsinə 37 il müddətində rəhbərlik edən 93 yaşlı Muqabe keçən həftə təzyiqlər nəticəsində istefa edib.
Hakimiyyətin hərbçilərin nəzarətinə keçdiyini və Muqabenin ev dustağı olduğunu televiziyadan elan edən ordu generalı Sibusio Moyo yeni xarici işlər naziridir.
Hava qüvvələri komandanı Perens Şiri isə torpaq və kənd təsərrüfatı naziri təyin edilib. Şiri Muqabe hakimiyyəti dövründə Ndebele icmasına qarşı 20,000 insanın ölümü ilə nəticələnən kütləvi qətllərin icrası ilə əlaqəli olduğu hesab edilir.
Muqabenin hakimiyyətə gətirən “azadlıq döyüşçüləri” qrupu da daxil olan nüfuzlu müharibə veteranları asosiasiyasının lideri Kris Mutsvanqa yeni informasiya naziridir.
Yeni kabinet üzvlərinin əksəriyyəti Muqabe hökümətində aparıcı vəzifələr tutan şəxslərdir.
Müxalifət lideri Morqan Tsvangirai Associated Press agentliyinə bildirib ki, yeni administrasiya ilə heç bir dialoq olmayıb. O əlavə edib ki, Mnanqaqvanın özündən əvvəlki rəhbərdən fərqli olduğunu nümayiş etdirmək üçün çox az vaxtı qalır.