Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılıya qarşı noyabrın 1-də Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.
Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, ittiham “tamamilə uydurmadır”.
“Hadisə ilə bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb. Orxan avtomobillə hərəkət edərkən qarşısna çıxan avtomobil sol tərəfə manevr edərək qaydanı pozur. Orxan avtomobili yayındırarkən həmin avtomobilə toxunur. Daha sonra Orxan avtomobilindən düşür həmin şəxslərlə görüşür. Həmin şəxslər hər hansı xəsarətin olmadığını bildirir. Hadisədən təxminən 20 gün keçəndən sonra deyirlər ki, guya orada səkidə kim isə oturubmuş, ona avtomobil dəyib və kəllə-beyin travması alıb”, Kərimli qeyd edib.
Müsavat Partiyası bildirir ki, Orxan Hacılının saxlanılması tamamilə “siyasi bir məsələdir”.
“Qəzanı törədən adam tamamilə başqasıdır. Əslində qəzada Orxan zərərçəkəndir, çünki özü də zədələnib. Sadəcə Arif Hacılıya və Müsavat Partiyasına təzyiq etmək üçün Azərbaycan tarixində görünməyən bir hadisə baş verdi. O qədər yüngül avtomobil qəzasına görə iki maddə ilə cunayət işi qaldırılıb", Müsavat Partiyası bildirir.
“Müdafiə Xətti” hüquq-müdafiə təşkilarının icraçı direktoru Rüfət Səfərov hesab edir ki, həbslər davam edəcək.
“Tənqidçilər bir-bir sıradan çıxarılacaq, daha da acınacaqlı şərait yaranacaq, repressiv tədbirlər son dərəcə güclənəcək, idarəetmənin özbaşınalığı sərhəd tanımayacaq. Çünki rəsmilər, kabinet rəhbərləri xeyli həddə “müqəddəsləşiblər”, “toxunlmaz” hala gəliblər. Xankəndinə bayraq sancıblar, bunların adını, işini, fəaliyyətini tənqid etmək “yasaqdır”, o, Facebook səhifəsində qeyd edib.
Öz növbəsində, rəsmi qurumlar Orxan Hacılının saxlanılması və avtomobil qəzası ilə bağlı hələ rəsmi məlumat yaymayıb.